Shshh ...

Dövlət qulluqçularının icbari sığortası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçularının sosial müdafiəsini təmin etmək məqsədi ilə onların icbari sığortası qaydalarını və şərtlərini müəyyən edir

Maddə 1. Dövlət qulluqçularının icbari sığortası haqqında qanunvericilik


Dövlət qulluqçularının icbari sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Dövlət qulluğu haqqında", Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunları ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.


Maddə 2. Sığorta olunanlar


Bu Qanuna uyğun olaraq sığorta olunanlar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş vəzifələrin təsnifatına aid edilən dövlət qulluqçulardır.


Maddə 3. Sığortaçı


Dövlət qulluqçularının sığortaçısı dövlət sığorta orqanıdır.


Maddə 4. Sığorta məbləği və sığorta haqqı


4.1. İnzibati vəzifələrin təsnifatından asılı olaraq sığorta məbləğləri aşağıda göstərilən miqdarda müəyyən olunur:
4.1.1. birinci təsnifat - altı min altı yüz manat;
4.1.2. ikinci və üçüncü təsnifat - beş min yüz yetmiş manat;
4.1.3. dördüncü, beşinci və altıncı təsnifat - üç min yeddi yüz qırx manat;
4.1.4. yeddinci, səkkizinci və doqquzuncu təsnifat - min doqquz yüz səksən manat;
(Çıxarılıb)
4.1.6. Yardımçı vəzifələr - min yüz manat.
4.2. Sığorta haqqı hər il üçün sığorta məbləğinin 0,3 faizi miqdarında müəyyən edilir.


Maddə 5. Sığorta hadisələri və ödənişləri


5.1. Sığorta olunanın fərdi qəza nəticəsində həlak olması və sağlamlığına zərər vurulması (əlillik, sağlamlıq imkanlarının məhdudluğu və (və ya) xəsarət alması) sığorta hadisələri hesab edilir.
5.2. Sığorta hadisəsi baş verdikdə sığorta olunana bu Qanunun 4.1-ci maddəsində müəyyən edilmiş sığorta məbləğlərindən faizlə aşağıdakı sığorta ödənişləri verilir:
5.2.1. həlak olması -100 faiz;
5.2.2. aldığı xəsarət nəticəsində əlillik qrupu təyin olunması, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması:
I qrup, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu - 80 faiz
II qrup - 60 faiz
III qrup - 40 faiz;
5.2.3. əlillik qrupu təyin olunmadan və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmadan ağır xəsarət alması - 20 faiz;
5.2.4. yüngül xəsarət alması - 5 faiz
5.3. Sığorta olunan işdən çıxdıqda və ya başqa işə keçdikdə əvvəlki dövlət qulluğunda olarkən aldığı xəsarət nəticəsində 3 il ərzində vəfat etdikdə və ya sağlamlığına zərər vurulduqda ona bu Qanunun 5.2-ci maddəsinə uyğun olaraq sığorta ödənişi verilir.


Maddə 6. Sığortanın aparılması qaydası


6.1. Dövlət qulluqçularının icbari sığortası sığortalılar (dövlət hakimiyyəti orqanları) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.
6.2. sığortalılar növbəti ildə bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq sığorta olunması nəzərdə tutulan dövlət qulluqçularının siyahısını tərtib edir və cari ilin sonunadək sığortaçıya təqdim edirlər.
6.3. sığortalılar dövlət qulluqçularının icbari sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər.
6.4. Sığorta haqlarının məbləği hər ilin əvvəlində dövlət qulluqçularının müəyyən olunmuş sayına, vəzifələrin təsnifatına uyğun olaraq hesablanır.
6.5. Sığortaçı hər rüb sığortalılara əvvəlki rübün icrasına dair hesabat təqdim edir.
6.6. Sığorta ödənişi verilmiş bir sığorta hadisəsinin nəticəsi olan əlillik qrupu, yaxud daha ağır əlillik qrupu təyin olunduqda, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduqda və ya ölüm baş verdikdə, sığorta ödənişi verilərkən əvvəl ödənilmiş məbləğ çıxılır.
6.7. İcbari sığorta haqqında müqavilə sığortaçı və sığortalı arasında bağlanır.


Maddə 7. Sığorta ödənişinin verilməsi müddəti


Sığortaçı bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 təqvim günü ərzində verir.


Maddə 8. Hüquq və vəzifələr


8.1. Sığortaçının və sığorta olunanın qarşılıqlı hüquq və vəzifələri sığorta qanunvericiliyinə uyğun olaraq müqavilədə müəyyən edilir.
8.2. Sığortaçı müqavilədə nəzərdə tutulmuş sığorta haqlarının məbləğini aldığı gündən bu Qanuna və müqaviləyə uyğun olaraq sığorta olunana sığorta ödənişini vermək öhdəliyini götürür.
8.3. Sığorta hadisəsi baş verdikdə sığortalı və ya sığorta olunan (və ya vərəsəsi) bu barədə sığortaçını xəbərdar etməlidir.
8.4. Sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişini alması üçün sığorta hadisəsinin baş verdiyi gündən 3 il keçənədək sığortaçıya və ya müvafiq dövlət hakimiyyəti orqanına müraciət etmək hüququ vardır.


Maddə 9. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər


9.1. Sığorta ödənişlərinin alınması üçün sığorta olunan yaxud onun vərəsələri müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığorta olunanın qulluq etdiyi və ya əvvəl qulluq etdiyi dövlət hakimiyyəti orqanında tutduğu vəzifə barədə arayışla birlikdə sığortaçıya aşağıdakı sənədləri təqdim edir:
9.1.1. həlak olması halında: sığorta olunanın ölümü haqqında şəhadətnamənin sürəti; vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
9.1.2. əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu halında - əlilliyin təyin edilməsi və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması haqqında (əlilliyin qrupu, əlilliyin və ya sağlamlıq imkanları məhdudluğunun səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti;
9.1.3. xəsarət alma halında - ağır və ya yüngül xəsarətin alınması barədə tibbi arayış.
9.2. Ağır və yüngül xəsarət növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 10. Sığorta ödənişinin verilməsindən imtina


10.0. Sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:
10.0.1. sığorta olunanın alkoqol, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya toksiki maddələrdən istifadə etməsi nəticəsində sığorta hadisəsi baş verdiyi halda;
10.0.2. sığorta olunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda;
10.0.3. sığorta olunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda.


Maddə 11. Sığorta ehtiyatları


Sığortaçı daxil olmuş sığorta haqlarından komisyon mükafatlarına 10 faizi ayırmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta ehtiyatlarını yaradır.


Maddə 12. Nəzarət və məsuliyyət


12.1. Dövlət qulluqçularının icbari sığortasının vaxtında və düzgün aparılmasına sığortalılar və sığortaçı nəzarət edirlər.
12.2. Bu Qanunun müddəalarının pozulmasına görə sığortalıların, sığortaçının, onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.


Maddə 13. Mübahisələrə baxılma qaydası


Dövlət qulluqçularının icbari sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.


Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 aprel 2002-ci il
№ 318-IIQD



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


1. 4 noyabr 2003-cü il tarixli 506-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 671)
2. 24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692)
3. 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)
4. 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
5. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
6. 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257)