Shshh ...
Bu Qanun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçularının sosial müdafiəsini təmin etmək məqsədi ilə onların icbari sığortası qaydalarını və şərtlərini müəyyən edir
Dövlət qulluqçularının icbari sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Dövlət qulluğu haqqında", Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunları ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.
Bu Qanuna uyğun olaraq sığorta olunanlar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş vəzifələrin təsnifatına aid edilən dövlət qulluqçulardır.
Dövlət qulluqçularının sığortaçısı dövlət sığorta orqanıdır.
4.1. İnzibati vəzifələrin təsnifatından asılı olaraq sığorta məbləğləri aşağıda göstərilən
miqdarda müəyyən olunur:
4.1.1. birinci təsnifat - altı min altı yüz manat;
4.1.2. ikinci və üçüncü təsnifat - beş min yüz yetmiş manat;
4.1.3. dördüncü, beşinci və altıncı təsnifat - üç min yeddi yüz qırx manat;
4.1.4. yeddinci, səkkizinci və doqquzuncu təsnifat - min doqquz yüz səksən manat;
(Çıxarılıb)
4.1.6. Yardımçı vəzifələr - min yüz manat.
4.2. Sığorta haqqı hər il üçün sığorta məbləğinin 0,3 faizi miqdarında müəyyən edilir.
5.1. Sığorta olunanın fərdi qəza nəticəsində həlak olması və sağlamlığına zərər vurulması
(əlillik, sağlamlıq imkanlarının məhdudluğu və (və ya) xəsarət alması) sığorta hadisələri hesab
edilir.
5.2. Sığorta hadisəsi baş verdikdə sığorta olunana bu Qanunun 4.1-ci maddəsində müəyyən
edilmiş sığorta məbləğlərindən faizlə aşağıdakı sığorta ödənişləri verilir:
5.2.1. həlak olması -100 faiz;
5.2.2. aldığı xəsarət nəticəsində əlillik qrupu təyin olunması, 18 yaşınadək sağlamlıq
imkanları məhdudluğunun müəyyən olunması:
I qrup, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu - 80 faiz
II qrup - 60 faiz
III qrup - 40 faiz;
5.2.3. əlillik qrupu təyin olunmadan və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu
müəyyən olunmadan ağır xəsarət alması - 20 faiz;
5.2.4. yüngül xəsarət alması - 5 faiz
5.3. Sığorta olunan işdən çıxdıqda və ya başqa işə keçdikdə əvvəlki dövlət qulluğunda
olarkən aldığı xəsarət nəticəsində 3 il ərzində vəfat etdikdə və ya sağlamlığına zərər vurulduqda
ona bu Qanunun 5.2-ci maddəsinə uyğun olaraq sığorta ödənişi verilir.
6.1. Dövlət qulluqçularının icbari sığortası sığortalılar (dövlət hakimiyyəti orqanları) üçün bu
məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.
6.2. sığortalılar növbəti ildə bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq sığorta olunması
nəzərdə tutulan dövlət qulluqçularının siyahısını tərtib edir və cari ilin sonunadək sığortaçıya
təqdim edirlər.
6.3. sığortalılar dövlət qulluqçularının icbari sığortasını təmin etmək üçün onlara bu
məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il
rüblər üzrə sığortaçıya ödəyirlər.
6.4. Sığorta haqlarının məbləği hər ilin əvvəlində dövlət qulluqçularının müəyyən olunmuş
sayına, vəzifələrin təsnifatına uyğun olaraq hesablanır.
6.5. Sığortaçı hər rüb sığortalılara əvvəlki rübün icrasına dair hesabat təqdim edir.
6.6. Sığorta ödənişi verilmiş bir sığorta hadisəsinin nəticəsi olan əlillik qrupu, yaxud daha
ağır əlillik qrupu təyin olunduqda, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən
olunduqda və ya ölüm baş verdikdə, sığorta ödənişi verilərkən əvvəl ödənilmiş məbləğ çıxılır.
6.7. İcbari sığorta haqqında müqavilə sığortaçı və sığortalı arasında bağlanır.
Sığortaçı bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 təqvim günü ərzində verir.
8.1. Sığortaçının və sığorta olunanın qarşılıqlı hüquq və vəzifələri sığorta qanunvericiliyinə
uyğun olaraq müqavilədə müəyyən edilir.
8.2. Sığortaçı müqavilədə nəzərdə tutulmuş sığorta haqlarının məbləğini aldığı gündən bu
Qanuna və müqaviləyə uyğun olaraq sığorta olunana sığorta ödənişini vermək öhdəliyini
götürür.
8.3. Sığorta hadisəsi baş verdikdə sığortalı və ya sığorta olunan (və ya vərəsəsi) bu barədə
sığortaçını xəbərdar etməlidir.
8.4. Sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişini alması üçün sığorta
hadisəsinin baş verdiyi gündən 3 il keçənədək sığortaçıya və ya müvafiq dövlət hakimiyyəti
orqanına müraciət etmək hüququ vardır.
9.1. Sığorta ödənişlərinin alınması üçün sığorta olunan yaxud onun vərəsələri müəyyən
olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığorta olunanın qulluq etdiyi və ya
əvvəl qulluq etdiyi dövlət hakimiyyəti orqanında tutduğu vəzifə barədə arayışla birlikdə
sığortaçıya aşağıdakı sənədləri təqdim edir:
9.1.1. həlak olması halında:
sığorta olunanın ölümü haqqında şəhadətnamənin sürəti;
vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
9.1.2. əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu halında - əlilliyin təyin
edilməsi və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması haqqında (əlilliyin
qrupu, əlilliyin və ya sağlamlıq imkanları məhdudluğunun səbəbi və təyin edilməsi tarixini
göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş
surəti;
9.1.3. xəsarət alma halında - ağır və ya yüngül xəsarətin alınması barədə tibbi arayış.
9.2. Ağır və yüngül xəsarət növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
10.0. Sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişinin verilməsindən aşağıdakı
hallarda imtina edilir:
10.0.1. sığorta olunanın alkoqol, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya toksiki
maddələrdən istifadə etməsi nəticəsində sığorta hadisəsi baş verdiyi halda;
10.0.2. sığorta olunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı ilə təsdiq olunduqda;
10.0.3. sığorta olunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda.
Sığortaçı daxil olmuş sığorta haqlarından komisyon mükafatlarına 10 faizi ayırmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta ehtiyatlarını yaradır.
12.1. Dövlət qulluqçularının icbari sığortasının vaxtında və düzgün aparılmasına sığortalılar
və sığortaçı nəzarət edirlər.
12.2. Bu Qanunun müddəalarının pozulmasına görə sığortalıların, sığortaçının, onların
bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Dövlət qulluqçularının icbari sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Bakı şəhəri, 30 aprel 2002-ci il
№ 318-IIQD
1. 4 noyabr 2003-cü il tarixli 506-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 671)
2. 24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692)
3. 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)
4. 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
5. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
6. 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257)