Shshh ...
Gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi oluruq, bu barədə xəbərlərə televiziyada, internetdə, qəzetlərdə tez-tez rast gəlirik. Əlbəttə, bu günə qədər biz belə hadisələrə sığorta baxımından yanaşmamışıq, amma əlinizdə olan bu bələdçi vasitə ilə tanış olduqdan sonra hər bir hadisədə risklərin mövcud olduğunu və belə risklərdən sığortanı görə bilərik.
Sual oluna bilər: Biz hansı hadisələrdə sığorta görə bilərik?
Məsələn, çox tez-tez yol-nəqliyyat hadisələri, təyyarə qəzası, binaların yanması barədə eşidir, oğurluqla üzləşən, işlədiyi zaman xəsarət alan insanların hekayəsi ilə tanış oluruq. Hər belə hekayənin arxasında insan faciəsi və bununla əlaqəsi olan şəxslərin narahatlığı dayanır. Bu hekayələr özü-özlüyündə həm də sığorta mexanizminə tələbatın olmasını nümayiş etdirir. Bu mexanizm lazımi qaydada istifadə olunarsa, risklər real hadisəyə çevrildiyi zaman məruz qaldığımız maliyyə çətinliyini aradan qaldırmaqda bizə həm maddi, həm də qismən də olsa mənəvi cəhətdən yardımçı ola bilər.
Sığorta hər hansı zərər və ya qəzanın qurbanı olan insanların vəziyyətini yüngülləşdirmək üçündür. O nəinki yalnız vətəndaşların, eləcə də kommersiya müəssisələrinin də işinə yarayır.
Sığorta bütün dünyada aparılan, mürəkkəb bir işdir. Lakin bu kitabça mürəkkəb məsələlərdən yayınmaqla sığorta ilə tanışlıqda sizə bələdçilik edəcək. Burada o, sizin aşağıdakı suallarınıza cavab verməyə cəhd göstərəcək:
-Sığorta nədir?
-Onu kim təmin edir?
-Sığortanın hansı sinifləri var?
-O necə təşkil olunur?
-Sığorta tələbləri necə həll nedilir?
-Sığorta işinə kim nəzarət
edir?
Bütün bu suallara ardıcıllıqla cavab tapmazdan əvvəl gəlin ən vacib sualı cavablandıraq:
Bu suala cavab vermək üçün əvvəldə qeyd etdiyimiz, qəzetlərdə və digər informasiya mənbələrində rast gəldiyimiz hadisələrə qayıdaq. Gəlin, tez-tez baş verən yol-nəqliyyat hadisələrindən başlayaq.
Yol-nəqliyyat hadisəsi deyəndə, biz nəyi təsəvvürümüzə gətiririk?
–Avtomobilin piyadanı vurması, iki avtomobilin toqquşması, avtomobilin şose yolunda aşması və s.
Götürək ikinci halı - təsəvvür edin ki, iki avtomobil toqquşub. Bu hadisə eyni zamanda aşağıdakı zərərlərlə nəticələnə bilər:
- Hər iki avtomobil əzilib və hər ikisi təmir edilməlidir;
- ola bilsin ki, hətta divarla ra və ya işıq dirəklərinə də zərər dəyib;
- avtomobilləri yoldan çəkib aparmaq üçün də pul ödəmək lazımdır;
- sürücü, sərnişinlər və ya yoldan ötən başqa bir şəxs də xəsarət ala bilər ki, bu xəsarətə görə də xüsusi tibbi xidmətə ehtiyacları ola bilər;
- xəsarət almış şəxslər işdən qalmağa görə əmək haqlarından məhrum ola bilərlər.
Qeyd olunan zərərlərin aradan qaldırılmasına görə isə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs tərəfindən təzminat da ödənilməlidir. Əgər həmin şəxsin təzminat ödəməyə maddi imkanı olmasa, sözsüz ki, yol-nəqliyyat hadisəsindən zərər çəkmiş digər şəxslər o biri avtomobilin sürücüsü, sərnişinlər, yoldan ötən başqa bir adam, zədələnmiş divarın sahibi və ya əzilmiş işıq dirəyinin ərazisində yerləşdiyi bələdiyyə özləri öz xərclərini ödəmək məcburiyyətində qalacaqlar.
Gördüyümüz kimi adi bir avtomobil qəzası çox baha başa gəlir. Burada söhbət əsasən maddi ziyandan gedir, baxmayaraq ki, maddi zərərə məruz qalanların mənəvi zərər çəkmələri hər zaman mümkündür. Bu kimi xərclərdən qorunmaq üçün sığortalanmaq daha ağlabatan olardı. Düzdür, bəzi avtomobil sığortası sinifləri məcburidir və icbari olan bu cür sığortalar bütün avtomobil istifadəçiləri tərəfindən alınmalıdır.
Tez-tez rastlaşdığımız və sığortaya ehtiyac olduğunu göstərən digər bir risk yanğın təhlükəsidir.
Evlərdə baş verən yanğının vurduğu zərər kifayət qədər ağırdır ki, fəlakət və çoxlu maddi itkilər gətirsin. Sənaye və kommersiya müəssisələrində baş vermiş yanğın daha dağıdıcı ola bilər. Bu halda yanğının törətdiyi fiziki zərərdən savayı bir sıra digər zərərlər də yaranacaq. Məsələn, əgər mağaza yanğına məruz qalsa, orada uzun müddət mal satıla bilməyəcək. Fabrik yandığı halda onun istehsalı dayanacaq.
Hər bir halda sahibkar gəlirini itirəcək. Bu zaman kim sahibkara işinin dayanması ilə bağlı onun itirdiyi gəlirini ödəyəcək? İşçilərə kim əmək haqqı ödəyəcək?
Hətta yanmış bina bərpa olunduqdan sonra belə, işin əvvəlki səviyyəyə qayıtmasına zəmanət yoxdur. Müştərilər gedib başqa istehsalçı və ya mağaza tapıb, işçilər müəssisəni tərk edib. Artıq müəssisənin hazırlıqlı işçi heyətlə və ya mağazanın peşəkar satıcılarla bağlı problemləri var. Deməli müəyyən maliyyə müdafiəsinə ehtiyac var və sahibkarlar bunu sığortada tapa bilərlər.
Beləliklə sığorta ona görə mövcuddur ki, bizim təhlükəsizliyə ehtiyacımız var. Biz həm evə sahib olmaq, avtomobil idarə etmək, mal satmaq, fabriklər tikmək, gəmilərə, təyyarələrə sahib olmaq, xəstələnəndə müalicə almaq istəyirik, həm də maliyyə cəhətdən risklərə məruz qalmaq istəmirik. Sığorta bizə can rahatlığı verir, bizi böyük maliyyə çətinliklərinin aradan qaldırılması ilə məşğul olmaqdan azad edir, hətta bəzi hallarda iflasın qarşısını almağa kömək edir. Amma, səhv anlaşılmasın: Sığorta riski aradan qaldırmır. O, evin yanmasının, avtomobilin qəzaya uğramasının, insanın ölməsinin qarşısını almır, lakin ən azı qeyd olunan və s. bu kimi hallarda meydana çıxan xərclərin böyük bir hissəsi sığorta vasitəsilə qarşılana bilər.
Sığortanın təmin etdiyi müdafiənin axtarışı çoxdan başlamışdır. Kommersiya sığortası ilə bağlı ilkin izlər eramızdan 3000 il əvvələ, Babillilərin dəniz ticarəti üzrə borc sistemindən istifadə etdikləri vaxta gedib çıxır. Eramızın 1-ci əsrində Çin tacirləri də risklərdən müdafiə sistemini fikirləşib tapmışdılar. 7-ci əsrdən başlayaraq İslam hüququnda qarşılıqlı yardımlaşmanın müxtəlif mexanizmləri mükəmməl sığorta ünsürlərini ortaya qoymuşdu.3 12-ci əsrdə İtaliyanın şimalında tacirlər tərəfindən sığorta aparılması kimi məlumatlar var. 16-cı əsrin sonlarına yaxın İngiltərədə dəniz gəmiçiliyinin sığortası təcrübəsi artıq təşəkkül tapmışdı. Tacirlər və sığortaçılar Londonun ətrafındakı qəhvə evlərində toplaşıb öz işlərini qururdular. Bu qəhvə evlərindən biri də Eduard Lloyda məxsus idi. Hazırki məşhur Lloyd Korporasiyasının adı E. Lloydun adından götürülüb.
Göründüyü kimi, gəmilərin və onların yüklərinin sığortası sığortanın ən qədim növüdür.
16-cı əsrin sonları 17-ci əsrin ortalarında Britaniyada həyat sığortası və yanğından sığorta da inkişaf etməyə başladı.
O zamandan 19-cu əsrin 50-ci illərinə qədər Avropada yalnız yuxarıda qeyd olunan sığorta sinifləri var idi. Artıq 19-cu əsrin ortalarından etibarən Sənaye İnqilabının təsiri duyulmağa başladı. Kənd təsərrüfatından sənaye əsaslı cəmiyyətə keçid prosesində böyük fabriklər tikilir, insanlar yeni şəhərlərə köçməyə başlayır, sənaye və ticarət inkişaf edirdi. Bütün bunlar yeni risklərin meydana çıxmasına səbəb oldu və nəticədə sığortanın yeni növlərinə tələbat yarandı. Fərdi qəza sığortası, buxar qazanlarının partlayışından sığorta, istehsalat zədəsi, oğurluq sığortası kimi sığorta növləri yarandı və inkişaf etdi.
Yəqin ki, sığortanın Azərbaycandakı tarixi də sizin üçün maraqlıdır. Ölkəmizdə müasir sığortanın yaranması 19-cu əsrin ortalarında neft sənayesinin inkişafı ilə əlaqədardır. O zaman xarici investisiyanın ölkəmizin neft sənayesinə cəlb edilməsi ilə xarici sığorta şirkətlərinin filialları da burada sığorta fəaliyyətinə başladı. Artıq 1912-ci ildə ölkəmizdə 30 sığorta cəmiyyəti və agentliyi fəaliyyət göstərirdi.
Sənaye inkişaf etdikcə sığortaya tələbat da artmaqda davam edir. Rabitə peykləri, kompüterlər, terrorçuluq kimi “yeni” risklər artıq sığortalanır. Bütün bunlar o deməkdir ki, risklər meydana çıxan kimi sığorta müdafiəsinə tələbat da yaranır.
Növbəti fəsillərdə hal-hazırda ölkəmizdə aparılan sığorta siniflərinin hamısını nəzərdən keçirəcəyik və onların hansı risklərin maliyyə zərərlərindən qoruduğunu qısaca olaraq aydınlaşdırmağa çalışacağıq.
Artıq biz əvvəlki fəsli oxuduğumuz üçün, sığortanın nə
olmasına dair nəticə çıxara bilərik. Sığorta elə bir vasitədir ki, hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.
Sual oluna bilər ki, bəs sığortaçılar bu təzminatı necə təmin edirlər? Axı onlar bilirlər ki, hər gün yüzlərlə yanğın, qəza, oğurluq, zədə və digər itkilər baş verir. Məsələ burasındadır ki, sığortaçılar müəyyən dərəcədə gündə neçə hadisənin baş verəcəyini əvvəlcədən təxmin edə bilirlər. Sığortaçıların uzun illər risklərlə məşğul olmaqdan irəli gələn təcrübəyə əsaslanan müəyyən fərziyyələri olur. Ən sadəsi, onlar bilirlər ki, hər halda heç də hamı zərər çəkməyəcək.
Əslində doğrudan da hər hansı bir riskin reallaşması nəticəsində çox az insan zərər çəkir. Yaşadığınız küçəni götürək. Ətrafınızdakı evlərdə neçə yanğın hadisəsi yadınızdadır? Əlbəttə heç kəs deyə bilməz ki, məhz sizin eviniz yanacaq, avtomobiliniz qəzaya uğrayacaq, işdə zədə alacaqsınız. Lakin yenə də əgər bunlar baş versə, sizə çox baha başa gələ bilər. Sığorta şirkəti eyni risklərə məruz qalmaq ehtimalı olan çoxsaylı insanları bir yerə “toplamaqla” sizi müdafiə ilə təmin edə bilər.
Sığorta şirkəti bu insanları bir yerə “toplayarkən” bilir ki, hər hansı bir ildə həmin insanlar qrupundan kimsə böyük ehtimalla zərər çəkəcək. O qrupdakı hər bir insandan hər hansı bir məbləği almaqla daxil – müəyyən pul məbləği formalaşdırır ki, azlıqda olan zərərçəkənlərin itkilərinin əvəzi həmin daxıl vasitəsilə ödənilsin. Bütün bunlar çox yaxşı səslənir. Lakin sual verə bilərsiniz ki, nə üçün pulu sığorta şirkətinə verib itkinin baş verəcəyi günü gözləmək əvəzinə sadəcə həmin məbləği qara gün üçün banka qoymayaq? Bu suala cavab tapmaq üçün bir fikirləşin: Əgər 100.000 manatlıq eviniz, 15.000 manatlıq avtomobiliniz varsa, banka nə qədər pul yerləşdirəcəksiniz? Siz axı heç bilmirsiniz hadisə nə vaxt baş verəcək ki, qısa zaman ərzində belə bir hadisə üçün kifayət qədər pul toplayıb banka qoyasınız?
Sığortaya görə sığorta şirkətinə ödənilən və “sığorta haqqı” adlanan pul sizin evinizin və ya maşınınızın qiymətilə müqayisədə çox kiçik bir məbləğdir. Sığorta şirkətinin belə kiçik bir məbləğ tələb etməsinin yeganə səbəbinin açıqlanması da çox sadədir: Sığortaçı çoxsaylı insanlardan – sığortalılardan sığorta haqqı toplayıb ki, onların da çoxu böyük ehtimalla zərərlə üzləşməyəcək, üzləşsə belə ən azı bunlar eyni ildə baş verməyəcək. Misal üçün, sığortaçı 500 nəfərin evini sığortalamaq üçün onların hər birindən orta hesabla 5 manat sığorta haqqı alıb, orta hesabla hər biri 1000 manat dəyərində olan 500 əmlakı sığortalayır. İl ərzində 3 nəfərin əmlakına 100
manatlıq, 5 nəfərin əmlakına 150 manatlıq zərər dəyir, 1 nəfərin əmlakı isə tam məhv olur. Belə olan halda 2500 manat məbləğində (500 nəfər x 5 manat) olan sığorta daxılından 2050 manat (100x3+150x5
+1000x1) zərər ödənilir.
Beləliklə, maliyyə müdafiəsi axtarışında olan çox sayda insanlar tərəfindən ödənilən sığorta haqları faktiki olaraq zərər çəkən çox az insanın itkisini qarşılamağa yönəldilir. Yəqin indi deyəcəksiniz ki, deməli hadisə baş verməsə, sığorta haqqı kimi sığortaçıya verdiyim o qədər məbləği boş yerə ödəmişəm? Xeyr, axı sizin artıq təhlükəsizlik (maliyyə təhlükəsizliyi) zəmanətiniz var, bütün il ərzində beyniniz rahat olacaq və hətta bir hadisə baş versə belə siz artıq maliyyə cəhətdən qorunursunuz.
Sığorta risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü mexanizmdir. bu mexanizm vasitəsilə sığorta şirkəti sığorta axtarışında olan hər bir şəxsdən sığorta haqqı alır, onu saxlayır və ağlabatan şəkildə investisiya edir, kimsə zərərə məruz qaldıqda, onun əvəzini ödəyir.
Başqa sözlə desək, sığorta bir razılaşmadır. Bu razılaşmada sığortalı sığorta haqqı ödəməyi, sığortaçı isə göstərilən itkilər baş verdikdə zərəri – sığorta ödənişini ödəməyi öz üzərinə götürür.
Qeyd etmək lazımdır ki, sığortaçının sığortalılardan aldığı sığorta haqları hesabına formalaşan ümumi daxıla ödənilən haqların məbləğləri heç də eyni olmur. Bu ümumi daxılın tərkibində müxtəlif risklər üçün (məsələn, yanğın, oğurluq, avtomobil qəzası, aviasiya, gəmiçilik və s.) müxtəlif daxıllar mövcuddur. Bir risk növü daxilində belə sığorta haqları riskin dərəcəsindən asılı olaraq fərqlənir. Məsələn, sığorta şirkətinin avtomobil qəzaları üzrə yaratdığı daxıla baxaq. Əlbəttə, bu daxıla son model “Mersedes” markalı avtomobilin sahibi ilə 80-ci illərin əvvəllərində istehsal olunmuş “Jiquli” markalı avtomobilin sahibinin eyni məbləğdə sığorta haqqı ödəməsi ədalətsiz olardı. Çünki, qeyd olunan “Mersedes” avtomobilinin dəyərinin kifayət qədər çox olması ona dəyə biləcək zərər zamanı maliyyə itkisinin də bir o qədər artıq olacağından xəbər verir. Eləcə də kiçik salonlu avtomobil sahibi olan ailəli bir şəxslə yenicə sürücülük vəsiqəsi əldə etmiş və idman avtomobili idarə edən 18 yaşlı gənc də eyni haqq ödəməli deyil. Axı, sonuncu təcrübəsiz sürücünün idman məqsədləri üçün istifadə edəcəyi avtomobili daha böyük risklərin gözlədiyini ehtimal etmək üçün bir o qədər də dərindən düşünməyə ehtiyac yoxdur.
Bilmək lazımdır ki, heç də bütün risklər sığortalanmır. Sığortanın üstünlüklərindən faydalana bilmək üçün baş verməsi ehtimal edilən risklər müəyyən xüsusiyyətlərə malik olmalıdır:
(1) Riskin baş verməsi nəticəsində dəyən zərərin həcmi pulla ölçülə bilən olmalıdır. Məsələn, binanın zədələnməsi, gəlirdən məhrum olma və ya məhkəmə tərəfindən müəyyən edilmiş təzminat müəyyən bir məbləğlə ifadə edilir.
(2) Sığortalanan risklə bağlı baş vermiş kifayət qədər çoxlu sayda hadisələr olmalıdır. Artıq qeyd etdiyimiz kimi sığorta şirkəti ona görə təminat verə bilir ki, o, məruz qalmaq ehtimalı çox olan risklər üzrə ümumi daxıl yaradır və daxılın çox az üzvü hər hansı bir ildə zərər çəkir. Hər hansı bir riskə məruz qalmaq ehtimalı az olduqda isə belə bir əməliyyat aparmaq çox sadəlövh bir addım olardı, çünki bu halda daxılda çox kiçik bir məbləğ toplanır, bunun müqabilində isə hətta bir risk real hadisəyə çevrildiyi halda tələb olunan sığorta ödənişinin həcmi toplanan sığorta haqlarından çox olur.
(3) Sığortalanan risklərin digər bir səciyyəvi cəhəti odur ki, nəticədə heç bir qazanc və ya gəlir əldə olunmur. Təsəvvür edin: Dükanda satılan mallardan gəlir əldə olunmaması riskini sığortalamağın nəticəsi necə olardı? Əlbəttə, dükan sahibinin malların satılmasında olan marağı itərdi, çünki o biləcək ki, mal satıldı, satılmadı, sığorta şirkəti hər bir halda bunun əvəzini ödəyəcək.
(4) Başqa bir cəhət ondan ibarətdir ki, baş verən itki təsadüfi olmalıdır, hər halda sığortalı (sığorta olunan şəxs) belə düşünməlidir. Bu o deməkdir ki, biz heç də ümid etməməliyik ki, dükanımızı özümüz yandırsaq sığorta ödənişi ala biləcəyik. Bir çox risklərin təsadüfi xarakteri kifayət qədər aldadıcı olur. Deyə bilərsiniz ki, həyat sığortası halında ölümün təsadüfiliyinə heç bir şübhə yoxdur. Həyat sığortası halında ölüm riski dedikdə, ölümün baş verməsi deyil, onun vaxtı təsadüfilik əlamətinə malikdir, çünki ölüm vaxtı müəyyən deyil. İntihar məsələsi isə bir az fərqlidir. Bir çox hallarda həyat sığortası zamanı intihara o halda təminat verilir ki, intihar sığorta müqaviləsi bağlandıqdan müəyyən bir müddət sonra baş versin. Məsələn, həyat sığortası müqaviləsində qeyd oluna bilər ki, müqavilə imzalandıqdan 2 il sonra baş verən intihara təminat verilir. Bu o deməkdir ki, həyat sığortası müqaviləsi imzalandıqdan qısa müddət ərzində sığortalı intihar edərsə, hadisə sığorta hadisəsi sayılmır, çünki onun təsadüfiliyinə zəmanət yoxdur. Bu halda sığorta ödənişi həyata keçirilməyəcək.
(5) Riskin sığortalanması üçün tələblərdən biri də onun ictimaiyyətə zərərli bir əməlin nəticəsi olmamasıdır. Yəni, məhkəmə tərəfindən müəyyən edilmiş cərimədən sığorta heç də cəmiyyət üçün faydalı və düzgün əməl olmazdı. Cərimə bir cəza növüdür və qanuna zidd hərəkət etmiş insanın aldığı cəzadan sığorta vasitəsilə qurtulması bu kimi əməlləri yenidən etməyə stimul ola bilər.
(6) Sığorta şirkəti tərəfindən tələb olunan sığorta haqqı ağlabatan məbləğdə olmalıdır ki, bu da sığortalanmalı risklərə müəyyən məhdudiyyət qoyur. Kim qiyməti 1 manat olan qələmi itirmək riskindən sığortalanmaq üçün 10 manat ödəyər ki? Axı bu halda sığorta haqqının məbləği ağlabatan deyil! Tez-tez reallaşan risklərdən sığortalanmaq üçün daha yüksək sığorta haqqının tələb olunması isə kifayət qədər ağlabatandır.
(7) Nəhayət, sığortalanan riskin reallaşması nəticəsində itki baş verdiyi halda sığortalının zərər çəkmə ehtimalı olmalıdır. Başqa sözlə, siz öz kameranızı itməkdən və ya zədələnməkdən sığortalaya bilərsiniz, çünki o itsə və ya zədələnsə, siz zərər çəkəcəksiniz. Lakin siz dostunuzun kamerasını sığortalaya bilməzsiniz. Bu sığortanın mühüm prinsiplərindən olan “sığorta marağı” ilə tənzimlənir.
Sığortaçı tərəfindən idarə olunan ümumi daxılın mövcudluğunun aşağıdakı üstünlükləri var:
A. O sığortalıları, xüsusilə də iş adamlarını zərər çəkdikləri halda xərcləri necə qarşılayacaqları ilə bağlı narahatlıqlardan azad edir. Bu iş hər hansı fəaliyyət üçün müsbət stimuldur.
B. İş adamları əmin olsalar ki, hər hansı bir maliyyə riski ilə üzləşsələr heç də hər şeyi itirməyəcəklər, fabriklər tikməyə, məhsul istehsal etməyə, gəmiçiliyə, aviasiya biznesinə və s. investisiya yönəltmək riskinə daha çox meyl göstərəcəklər. Bu sığortanın ən böyük üstünlüklərindən biridir. O yalnız hər hansı bir şəxsə deyil, bütün ölkəyə fayda verir, çünki biznesin stimullaşdırılması sağlam iqtisadiyyat formalaşdırır. Bu isə Azərbaycan kimi inkişaf etməkdə olan ölkə üçün həyati əhəmiyyətə malikdir.
C. Sığorta həm də itkiləri azaltmağa kömək edir. Sığorta şirkətlərinin hər növ risklərlə işləməsinin arxasında uzun illər ərzində toplanmış iş təcrübəsi dayanır və onlar artıq risklərin azaldılması üçün müəyyən yollar tapmışlar. Bəzi hallarda sığorta şirkətləri xüsusi ekspertlər (surveyer) təyin edir. Həmin ekspertlər hər hansı bir şəxsin sığorta etmək istədiyi yerə gedir və oranı nəzərdən keçirir. Sonra təcrübəli ekspert baş verə biləcək müəyyən risklərin azaldılması üçün müəyyən üsullar təklif edir.
Ç. Bir anlıq təsəvvür edək ki, sığorta yoxdur. Təzminatı kim ödəyərdi? Başqa sözlə, hal-hazırda sığorta bazarının təmin etdiyi maliyyəni kim təmin edərdi? Paytaxtımızda və digər şəhərlərimizdə avtomobil idarə edənlərin sayı günü-gündən artır. Artıq həyatımızın ayrılmaz hissəsi olan avtomobil qəzalarının xərclərinin hamısını özümüz ödəməli olsaq, hansı problemlərlə üzləşərik? Sənaye və kommersiya fəaliyyəti indiki kimi arxayınlıqla həyata keçirilməzdi. Qalmaqda və artmaqda olan risklərin öhdəsindən isə təkbaşına gəlməli olardıq. Ən yaxşı halda bu xərclər hamısı dövlət tərəfindən qarşılanmalı idi. Dövlətin bu qədər böyük maliyyə yükünün azaldılması üçün isə hal-hazırda ödədiyimizdən dəfələrlə çox vergi ödəməli olardıq. Sığorta dövləti bu ağır yükdən azad etməklə mühüm ictimai xidmət göstərir.
Biz sığortanın daha çox və daha mürəkkəb üstünlüklərini sadalaya bilərik. Lakin düşünürük ki, qeyd etdiklərimiz sağlam və daim inkişaf edən sığorta sektorunun ölkəmiz üçün əhəmiyyətini ifadə etməkdə kifayət edəcək. Ümumi daxılın yaradılması hesabına təhlükəsizlik və “can rahatlığı” təmin olunur, itkilərin baş vermə ehtimalı və ciddiliyi azaldılır, böyük maliyyə vəsaitləri iqtisadiyyatın inkişafına yönəldilir, hökuməti zərərçəkənlərə təzminat ödəmək kimi ağır bir yükdən azad edir.
İndi isə sığorta sektorunu təşkil edənlər, hal-hazırda mövcud olan təminat növləri və sığortanın necə aparılması haqqında danışa bilərik.
Sığortanı sığorta şirkətləri təmin edir. Yəni hər hansı bir riskdən sığortalanmaq istəyən şəxs
sığorta şirkətinə - sığortaçıya müraciət edir. Sığorta şirkəti ilə hər hansı bir iş görməyə başlayan kimi “sığorta bazarı” ifadəsi ilə rastlaşırsan. Ona görə yalnız sığorta təminatını verənləri - sığortaçıları müzakirə etməkdənsə, sığorta bazarının bütün iştirakçılarını nəzərdən keçirmək daha məqsədəuyğundur.
Sığorta bazarı dedikdə, hərfi mənada alıcıların və satıcıların toplaşaraq sığorta təminatını təşkil etdikləri hər hansı konkret bir məkan nəzərdə tutulmur. Sığortalama “alıcı” və “satıcılar”ın və ya onların agentlərinin (onların adından hərəkət edən vasitəçilər) iş görmək üçün münasib hesab etdikləri yerlərdə aparılır.
Gəlin, sığorta işinə cəlb olunan müxtəlif qruplardan danışaq.
Artıq qeyd etdiyimiz kimi insanlar və təşkilatlar müxtəlif risklərlə üzləşirlər ki, bu risklərin bəzilərindən sığortalanmaq mümkündür.
Hər hansı bir əşyaya münasibətdə maliyyə marağı olan hər bir şəxs həmin əşyanı sığortalaya bilər. Lakin nəzərə almaq lazımdır ki, qeyd olunan maraq qanuna zidd olmamalıdır və qanunla tanınmalıdır. Bu o deməkdir ki, əgər hər hansı bir şəxsin əmlak, həyat və ya potensial məsuliyyətlə bağlı qanuni marağı varsa, həmin marağı sığortalamaq hüququna malikdir. Bu cür maraq hüquqi terminologiyada “sığorta marağı” adlanır və hər bir sığorta müqaviləsində öz əksini tapmalıdır ki, sığorta hadisəsi baş verəcəyi halda, irəli sürülən tələb də qanuni olsun. Əksər hallarda sığorta alan şəxs həm müqaviləni bağlayan anda, həm də itki baş verdiyi vaxt sığorta marağına malik olmalıdır.
Əgər şəxs hər hansı bir əşyanın salamat saxlanmasından faydalanırsa, bu halda deyə bilərik ki, onun bu əşyaya sığorta marağı var.
Deməli, sığorta marağı şəxslə sığortanın predmeti arasında olan əlaqədir. Bu əlaqənin ən mühüm cəhəti isə onun qanuni olmasıdır. Yəni şəxsin oğurladığı əşyaya marağı ola bilər, lakin bu maraq qanunla tanınmır. Ona görə də o oğurladığı əşyanı sığortalaya bilməz, sığortaçının bu əşyanın oğurluq olmasından xəbəri olmadan sığortalasa belə, həmin sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. Bu cür maraqlara aşağıdakıları misal göstərmək olar:
A. Şəxsin öz həyatına olan marağı;
B. Şəxsin öz həyat yoldaşının, valideynlərinin və uşaqlarının həyatına olan marağı;
C. Şəxsin öz işçilərinin və işəgötürəninin həyatına olan marağı;
Ç. Şəxsin öz borclusunun həyatına olan marağı;
D. Şəxsin öz qəyyumunun və qəyyumluğunda olan şəxsin həyatına olan marağı;
E. Şəxsin öz əmlakına – evinə, avtomobilinə və s. olan mülkiyyət hüququ;
Ə. Girov saxlayanın (məsələn, bank və s.) və ya girov qoyanın girov predmeti olan əmlaka olan marağı;
F. Başqalarının əmlakını saxlayan şəxsin, - saxlayıcının saxladığı əmlaka olan marağı;
G. Hər birimizin ehtiyatsız hərəkətlərimizə görə başqalarına vura biləcəyimiz zərərlərə görə məsuliyyətimiz.
Artıq sizə də aydın olduğu kimi sığorta marağının mahiyyəti ondan ibarətdir ki, sığortaladığımız risk reallaşarsa, biz mütləq maddi zərər, başqa sözlə maliyyə zərəri çəkəcəyik. Dostumuzun kamerası xarab olduqda isə biz heç bir maddi zərərə məruz qalmırıq.
Göründüyü kimi, nəinki fiziki şəxslər, eləcə də özəl və dövlət müəssisələri (girov saxlayan bank və ya işçi heyətinin əmək qabiliyyətini sığortalayan dövlət orqanı və s.) də sığortanın potensial alıcılarıdır.
Sığortaçılar (sığorta şirkətləri) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan, səhmdarlara (payçılara), yəni bu şirkətin sahiblərinə məxsus olan və sığorta fəaliyyəti göstərmək üçün dövlətdən xüsusi icazə - lisenziya almalı olan təşkilatlardır. Azərbaycanda sığortaçıların fəaliyyətindən danışarkən adına tez-tez rast gəldiyimiz “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa5 görə ölkəmizdə fəaliyyət göstərən bütün sığorta şirkətləri açıq səhmdar cəmiyyəti formasına malik olmalıdırlar. Çünki digər təşkilati-hüquqi formaya malik olan cəmiyyətlərdən fərqli olaraq açıq səhmdar cəmiyyətinin səhmləri istənilən şəxs tərəfindən alına bilər, yəni belə səhmlər yalnız müəyyən qrup insanların arasındakı mübadilə ilə məhdudlaşmır. Əgər, sığorta şirkətinin vəsaitləri onun öhdəliklərinin həcmi ilə müqayisədə azalarsa və ya əksinə, öhdəlikləri vəsaitlərinə nisbətən artarsa, sığorta şirkəti əlavə səhmlər buraxıb, onları öz səhmdarlarının almaq imkanı olmasa belə, başqa şəxslərə satmaqla (yəni həmin şəxsləri səhmdarlar sırasına cəlb etməklə) vəsaitlərini artıra bilər. Bu o deməkdir ki, siz də qanunvericiliyin müvafiq tələblərinə cavab verirsinizsə, hər hansı bir sığorta şirkətinin səhmdarlarından biri ola bilərsiniz. Şirkətin səhmdarları onun öhdəlikləri üçün məsuliyyət daşımırlar, yalnız şirkətin fəaliyyəti ilə bağlı zərərə görə onlara məxsus səhmlərin dəyəri həddində risk daşıyırlar. Sığorta şirkətinin gəlirləri – mənfəəti isə səhmdarlara məxsusdur. Onlar qarşılıqlı razılıq əsasında bu mənfəəti sığortaçının səhmlərindəki paylarına mütənasib şəkildə bölüşdürə, həmçinin tam və ya qismən şirkətin səhmlərinin artırılmasına və ya inkişafı ilə bağlı digər istiqamətlərə yönəldə bilərlər.
Bundan başqa beynəlxalq təcrübədə sığortalıların özlərinə məxsus olan qarşılıqlı sığorta cəmiyyətləri də mövcuddur. Bu cəmiyyətlər öz üzvlərinin əmlak maraqlarını sığortalamaq üçün bir araya gələn vətəndaşların və hüquqi şəxslərin təşkilatı olur.
“Sığorta fəaliyyəti haqqında” Qanunda tələb olunur ki, sığortaçının tam adında “sığorta” sözünün olması məcburidir. Əksinə, sığorta fəaliyyəti ilə məşğul olmayan hər hansı bir şirkətin adında isə “sığorta” sözündən istifadə olunması qadağandır
Sığortaçılar hüquqi və fiziki şəxslərdən riskləri qəbul etdikləri andan artıq sığorta marağına malik olurlar. Bu o deməkdir ki, əgər sığortalıya itki üz veribsə və o bununla bağlı sığorta tələbi irəli sürürsə, sığorta şirkəti bu tələb məbləğində ödəniş (sığorta ödənişi) verməli olacaq. Bir çox hallarda sığortalanmış sənaye və kommersiya riskləri həddindən artıq böyük olur. Bu səbəbdən sığortaçının belə risklərə təkbaşına təminat vermək imkanı olmaya bilər. Belə olan halda sığorta şirkəti sığorta riskini ya bütövlükdə, ya da təminat verə bilmədiyi həcmdə başqa bir sığorta və ya təkrarsığorta şirkətində təkrarsığorta etdirir. Baxmayaraq ki, adi sığorta şirkətləri də təkrarsığorta fəaliyyəti ilə məşğul olur, belə risklər üzrə ixtisaslaşmış xüsusi təkrarsığorta şirkətləri də mövcuddur ki, yalnız risklərin təkrarsığortaya qəbul edilməsi ilə məşğul olurlar. Yəni təkrarsığorta şirkətləri sığortalılardan risk qəbul etmirlər, onlar yalnız sığortaçılarla işləyirlər. Başqa sözlə desək, təkrarsığorta sığortaçının sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin müvafiq olaraq təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsidir. Sığorta şirkəti hər hansı bir sığortalısının riskini təkrarsığortaçıya ötürürsə, bu zaman sığortalının razılığını alması tələb olunmur, eyni zamanda o, sığortalı qarşısında qəbul etdiyi bütün riskə görə tam məsuliyyət daşıyır. Yəni bu məsuliyyət, həmin riski tam və ya qismən ötürdüyü təkrarsığortaçının sığorta hadisəsi ilə bağlı öhdəliyini yerinə yetiribyetirməməsindən asılı deyil. Razılaşaq ki, bizə sığorta ödənişinin hansı vasitələrlə ödənilməsi maraqlı deyil, maraqlı olan məruz qaldığımız zərərin əvəzinin ödənilməsidir.
Təkrarsığorta fəaliyyəti də sığorta fəaliyyətinə bənzərdir. Onun da lisenziyalaşdırılması qanunun tələbidir. Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan şirkətin adında “təkrarsığorta” sözü olmalıdır.
Digər ticarət növlərində olduğu kimi sığorta sövdələşmələrində də vasitəçilərdən istifadə olunur. Bu vasitəçilər brokerlər və agentlərdir. Əvvəlcədən qeyd edək ki, sığorta vasitəçiliyi fəaliyyəti ilə də məşğul olmaq üçün mütləq lisenziya alınmalıdır.
Sığorta brokeri sığorta müqavilələrinin bağlanmasına və sığorta tələblərinə (sığorta hadisəsi baş verdikdə sığortalı tərəfindən sığortaçı qarşısında qaldırılan, sığorta ödənişi verilməsi haqqında tələb) dair məsləhətlər verən fiziki və ya hüquqi şəxsdir. O, adətən potensial sığortalılar tərəfindən çıxış etməklə onlara müvafiq riski hansı sığortaçıda sığortalamağın daha məqsədəuyğun olduğu, sığortanın aparılması qaydası, sığorta hadisəsi baş verdikdə sığortaçıya ödənişlə bağlı tələb irəli sürülməsi və s. Haqqında müvafiq tövsiyələr və məsləhətlər verir, sığortaçı ilə danışıqların aparılması, sığorta müqaviləsinin bağlanması, davam etdirilməsi və ya yenilənməsi ilə bağlı vasitəçilik fəaliyyəti göstərir.
Sığorta brokerləri müstəqildirlər və heç bir sığortaçı ilə bağlılığı yoxdur.
İnsanlar və müəssisələr brokerlərə müraciət etməklə öz tələbatlarına uyğun olan ən yaxşı sığortaçını tapa bilər və bununla da vaxtlarına və xərclərinə qənaət etmiş olar.
Brokerlər onların vasitəçiliyi ilə sığortaçıya ödənilən sığorta haqqının məbləğindən asılı olaraq komisyon muzd alırlar. Broker bir ekspertdir, ona görə də müvafiq qaydada davranmalı və öz səhvlərinə görə məsuliyyət daşımalıdır.
Sığorta brokeri kimi fəaliyyət göstərmək üçün müvafiq dövlət orqanından lisenziya alınır. Bu o deməkdir ki, sığorta brokerliyi etmək istəyən şəxs müəyyən tələblərə cavab verməlidir ki, lisenziya ala bilsin. Məsələn, sığorta brokeri olmaq istəyən fiziki şəxsin ən azı 21 yaşı olmalıdır, sığorta nəzarəti orqanı tərəfindən təşkil olunan attestasiya imtahanından müvəffəqiyyətlə keçməlidir və s. Göründüyü kimi, sığorta brokerliyi fəaliyyəti kifayət qədər məsuliyyətli bir işdir.
Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, eləcə də sığortaçı ilə potensial müştərilər arasında danışıqların aparılmasında vasitəçilik edən fiziki, yaxud hüquqi şəxsdir. Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan sığorta agentləri ilə yanaşı, əsas fəaliyyəti sığorta agenti fəaliyyəti olmayan, lakin bu fəaliyyətə lisenziya almış şəxslər də sığorta agenti fəaliyyəti ilə məşğul ola bilərlər.
Yəqin ki, bəziləriniz bankla sığorta müqaviləsi bağlamısınız. Sualınız ola bilər ki, axı bank sığortaçı deyil, o necə sığorta sata bilər. Bir çox müəssisələrin, məsələn, bankların, daşınmaz əmlak agentliklərinin, səyahət firmalarının və s. sığorta təminatına ehtiyacı olan müştəriləri olur. Bu səbəbdən sığorta şirkətləri bu cür hüquqi şəxslərlə müqavilə bağlayır və onlar müəyyən komisyon muzd müqabilində sığortaçının ”məhsullarını” tanıtdırır və onun adından müqavilələr bağlayır. Lakin bunun üçün onlar sığorta agenti fəaliyyətinə lisenziya almalıdırlar. Bu lisenziyanın alınması üçün isə bankın, daşınmaz əmlak agentliyinin, səyahət firmasının və s. ən azı bir işçisi sığorta nəzarəti orqanı tərəfindən təşkil olunan attestasiya imtahanından müvəffəqiyyətlə keçməklə lisenziya almış olmalıdır.
Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər.
Artıq qeyd etdiyimiz kimi, heç də bütün riskləri sığortalamaq mümkün deyil. Hər hansı bir risk sığortalanması üçün müəyyən tələblərə cavab verməlidir. Elə risklər vardır ki, sığortalanmır, məsələn qocalma. Aşağıda sizə sığortalanan risklər barədə məlumat verəcəyik ki, hansı sığorta şəhadətnamələrini (sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd) ala biləcəyiniz barədə təsəvvürünüz olsun.
Əvvəlcə bir təsnifatı nəzərdən keçirək. Ölkəmizin sığorta haqqında qanunvericiliyinə görə sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri- həyat sığortası (ümumi sığorta) sahələri, sığorta obyekti baxımından isə şəxsi sığorta və əmlak sığortası sahələri mövcuddur. Hər bir sığorta sahəsi də öz növbəsində müəyyən sığorta siniflərindən ibarətdir. Bu barədə bir qədər sonra söhbət açacağıq.
Şəxsi sığorta sahəsinə şəxsin
– həyatı;
– sağlamlığı;
– əmək qabiliyyəti və
– pensiya təminatı
ilə bağlı əmlak maraqlarının sığortalanması daxildir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. Məsələn, siz valideynlərinizin və ya övladlarınızın habelə işçinizin həyatını, sağlamlığını, əmək qabiliyyətini və ya pensiya təminatını sığortalaya bilərsiniz, bir şərtlə ki, həmin şəxsin həyatı, sağlamlığı, əmək qabiliyyəti və ya pensiya təminatı ilə bağlı sizin sığorta marağınız olsun. Bu zaman müqavilədə siz sığortalı, sığorta etdirdiyiniz övladınız, valideyniniz və ya işçiniz isə sığorta olunan kimi göstəriləcəkdir.
Həyat sığortasına aid olan bütün sığorta sinifləri sığorta obyektinə görə şəxsi sığortaya aiddir. Qeyri-həyat sığortası sahəsinə aid olan sığorta sinifləri isə həm şəxsi, (məs., tibbi sığorta, fərdi qəza sığortası) həm də əmlak sığortası sahələrinə aid ola bilər.
Əmlak sığortası sahəsinə isə şəxsin
– əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi;
– sahibkarlıq fəaliyyətini həyata keçirməsi;
– digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi;
– istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafelərinin sığortalanması daxildir.
Əmlak sığortası əmlakın sığortası və mülki məsuliyyətin sığortası yarımsahələrinə bölünür.
Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.
Mülki məsuliyyətin sığortası zamanı isə başqa şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına vura biləcəyimiz zərərlərin əvəzinin onlara ödənilməsi ilə bağlı öhdəliklərimiz (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yarana biləcək məsuliyyətimizə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır.
Qarışıq maliyyə risklərinin, kredit risklərinin, ticarət və investisiya risklərinin, tapşırıq və qarantiya risklərinin, məhkəmə xərclərinin sığortası da obyektinə görə əmlak sığortasına aid edilir.
Beləliklə, ölkəmizdə aparılan və qanunvericiliyimizdə nəzərdə tutulan sığorta sinifləri haqqında danışaq:
Bir anlıq təsəvvür edin: Ailəyə yeganə gəlir gətirən şəxsin – məsələn atanın xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyətindən məhrum olduğu halda ailənin maliyyə vəziyyəti hansı səviyyədə olacaq? Yaxud gənc bir ailənin 2 kiçik övladı var və valideynlər hesab edirlər ki, onların müntəzəm gəlirləri övladlarının gələcəkdə yüksək səviyyəli təhsil almasına imkan verməyəcək. Növbəti misal: Ən pis halda - ailə başçısının öldüyü halda ailənin məruz qala biləcəyi məhrumiyyətlər nə qədər böyük ola bilər?
Əlbəttə ki, heç birimiz belə hallarla üzləşməyi istəmərik. Lakin realist olub özümüzün və ailəmizin gələcəyini düşünməliyik. Haqlı olaraq deyə bilərsiniz ki, sığorta heç bir halda ailə başçısının itkisinin gətirdiyi məhrumiyyətləri tam aradan qaldıra bilməz. Əlbəttə ki, söhbət mənəvi kompensasiyadan gedə bilməz. Sığorta bu halda sizə yalnız maddi cəhətdən əvvəlki vəziyyətə qayıtmağa kömək edir.
Yuxarıda sadaladığımız və bir çox digər vəziyyətlərdən çıxış yolu tapmaq üçün həyat sığortası tərkibində aşağıdakı sığorta sinifləri mövcuddur:
Həyatın ölüm halından sığortası müəyyən edilmiş müddətdə sığorta olunanın öldüyü halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Məsələn, əgər sığorta müqaviləsi 10 il müddət müəyyən edilmişdirsə, həmin müddətdə sığorta olunan öldükdə, faydalanan şəxs7 sığorta ödənişi alacaqdır. Sığorta olunan bu müddət başa çatdığı anda yaşadığı halda, sığorta müqaviləsi başa çatır və heç bir ödəniş verilmir.
Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Yəni, əgər sığorta olunan müqavilədə nəzərdə tutulmuş müddətin sonuna qədər yaşayarsa, o, müqavilədə nəzərdə tutulmuş sığorta məbləğdə (sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin ifadə olunduğu son hədd) sığorta ödənişi alacaqdır. Yox, əgər o, bu müddət ərzində ölərsə, sığorta məbləği faydalanan şəxsə (bir qayda olaraq, onun varisinə) ödəniləcəkdir.
Göründüyü kimi, həyatın yaşam sığortası, ölüm halından sığortasından fərqli olaraq hər iki halda – həm sığorta olunanın müqavilədə nəzərdə tutulmuş müddət ərzində öldüyü, həm də bu müddətin sonuna qədər yaşadığı hallarda sığorta ödənişinin verilməsini nəzərdə tutur. Bu hallardan asılı olaraq, sadəcə sığorta ödənişini alan şəxs dəyişir. Elə buna görə də bu sığorta sinfi əsasında bağlanan həyat sığortası müqavilələri həyat sığortaları içərisində ən bahalı (sığorta haqqının ən çox ödənildiyi) müqavilələrdir.
Аnnuitet sığortası sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda onun xeyrinə pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Yəni, annuitet sığortası müqaviləsi üzrə sadalanan hallarda sığorta şirkəti müqavilədə nəzərdə tutulmasından asılı olaraq sığorta olunana aylıq, rüblük, yarımillik və ya illik ödənişlər verir. Aydındır ki, 60 yaşında olan insanın əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar gəlirlərinin azalması ehtimalı böyükdür. Bu halda annuitet sığortası vasitəsi ilə şəxsin 60 yaşına qədər hər il ödədiyi sığorta haqqı müqabilində ona 60 yaşından etibarən ömrünün sonuna qədər sığortaçı tərəfindən ödəniş verilə bilər. Bu əhali arasında pensiya kimi tanınan sığorta təminatıdır.
Əmək qabiliyyətinin sığortası sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur. Qəfil baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini qismən də olsa itirmiş və nəticədə gəlirindən məhrum olmuş insan belə bir vəziyyətin yaranacağını heç ağlına da gətirmirdi. Əlbəttə ki, əmək qabiliyyətini sığortalamış olsa vəziyyətini qismən də olsa yüngülləşdirmiş olar.
Sağalmaz xəstəliklərdən sığorta sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik (məsələn, xərçəng xəstəliyi və s.) müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur.
Göründüyü kimi həyat sığortasının bütün sinifləri şəxsi sığortaya aiddir.
Artıq qeyd etdiyimiz kimi qeyri-həyat sığortasına həm şəxsi, həm də əmlak sığortasına aid olan siniflər daxildir.
Şəxsi sığortaya aid olan
qeyri-həyat sığortası sinifləri
Fərdi qəza və xəstəlik sığortası, sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi, yaxud peşəsi ilə bağlı əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud sağlamlığına başqa cür xəsarət dəydikdə sığorta ödənişinin verilməsini nəzərdə tutur. Bu zaman sığorta ödənişi müqavilədə müəyyən edilən məbləğdə, həmçinin sığorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında həyata keçirilir. Məsələn, sığorta müqaviləsində fərdi qəza üzrə sığorta məbləği
50.000 manat nəzərdə tutulur və müəyyən edilir ki, bədbəxt hadisə nəticəsində sığorta olunan ölərsə, sığorta məbləğinin 100 %-i, ayaqlarını itirərsə, 80 %-i, bir qolunu itirərsə, 40 %-i həcmində sığorta ödənişi veriləcək. Sığorta hadisəsi hesab olunan bədbəxt hadisə nəticəsində sığorta olunan bir qolunu itirərsə, sığortaçı tərəfindən ona 20.000 manat sığorta ödənişi veriləcəkdir.
Fərdi qəza və xəstəlik sığortası və tibbi sığorta müqavilələri bir çox hallarda işəgötürən tərəfindən öz işçilərinin xeyrinə bağlanır. Bu tibbi sığortada daha tez-tez rast gəlinən haldır.
Tibbi sığorta sığorta olunanın sığorta müqaviləsində nəzərdə tutulmuş xəstəliyə məruz qalmasına görə müayinə və müalicə olunmasına görə tibb müəssisələrinin göstərdiyi xidmətlərlə, habelə dərman vasitələrinin alınması ilə əlaqədar yaranan xərclərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur.
Əmlak sığortasına aid olan
qeyri-həyat sığortası sinifləri
Əmlakın yanğından və digər risklərdən sığortası əmlakın (binanın), onun ərazisində və (və ya) içərisində yerləşən başqa əşyalarla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə zərərlərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur.
Yanğından sığorta binalara və onların içindəkilərə yanğın, ildırım, qızdırmaq və bişirmək kimi məişət məqsədləri üçün istifadə olunan qazın və ya buxar qazanlarının partlaması nəticəsində dəyən zərərlər üzrə riskləri əhatə edir. Belə risklər həm evlərdə, həm də kommersiya və istehsalat məqsədləri üçün istifadə edilən bina və tikililərdə baş verə biləcək hadisələri ehtiva edir. Yuxarıda sadalanan yanğınla bağlı riskləri əhatə edən standart sığorta müqaviləsi üzrə verilən təminat əlavə sığorta haqqı müqabilində digər risklərdən təminatla da genişləndirilə bilər. Məsələn, əgər siz partlayış (buxar qazanı və bu kimi səbəblərdən olmayan), qiyam, insanların qərəzli hərəkətləri, zəlzələ, nəqliyyat vasitələrinin və digər kənar predmetlərin təsiri, tufan, daşqın, boru partlayışı, su sızması, oğurluq və digər bu kimi səbəblərdən də əmlakınıza dəyən zərərlərə təminat verilməsini istəyirsinizsə, standart sığorta şəhadətnaməsi üçün ödəyəcəyinizdən daha yüksək məbləğdə sığorta haqqı ödəməli olacaqsınız.
Əmlakın oğurluq riskindən sığortalanması halında o заман sığorta ödənişi verilir ki, əmlak bütün təhlükəsizlik tədbirlərinə əməl edilməsinə baxmayaraq oğurlanmış olsun. Yəni evin qapısını bağlamağı unudan şəxs oğurluq baş verdiyi halda ödəniş ala bilməyəcək. Bu o deməkdir ki, oğurluğun sığorta hadisəsi hesab olunması üçün sığortalanan obyektlərə giriş və ya çıxış zorakı vasitələrlə edilmiş olsun, oğru məkana daxil olmaq üçün təhlükəsizlik vasitələrini dəf etməli olsun.
Yanğın və oğurluq təminatlarında itki və ya zərər konkret bir riskin yanğın və ya oğurluğun reallaşmasının nəticəsi olmalıdır. Lakin əmlakın zərər çəkə biləcəyi başqa hallar da ola bilər. Sığortalanmış əmlak qəfildən düşə bilər, vurula bilər və ya sadəcə itə bilər. Belə hallar üçün əmlakın bütün risklərdən sığortası təminatı da təklif olunur. Bu təminatda əmlak istənilən itkidən və ya zərərdən (o cümlədən yanğın və oğurluqdan) sığorta edilir. İstisnalar, yəni sığorta ödənişinin verilməyəcəyi hallar çox az olur, məsələn ən əsas istisnalarа şüşənin, farforun və s. bu kimi əşyaların sınması, köhnəlmə, iqlim dəyişikliyinin və həşəratların vurduğu zərərlər aid olur.
Avtonəqliyyat vasitələrinin sığortası avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Bu sığorta şəxsi avtomobillər, motosiklet, yük avtomobilləri, habelə avtobuslar və taksilər kimi ictimai nəqliyyat vasitələri, kənd təsərrüfatı və tikintidə istifadə olunan maşınlara sığorta təminatı verir.
Bəzən avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsi “Avtonəqliyyat vasitələrinin tam sığortası” təminatı verir ki, buraya avtomobil sahibinin yuxarıda sadalanan risklərdən sığortası ilə yanaşı sığortalının həmin avtomobillə digər şəxslərə vurduğu zərərə görə məsuliyyətinin, həmçinin sürücülərin və sərnişinlərin fərdi qəzadan sığortası da əlavə olunur8. Bu barədə bir qədər sonra qeyd olunacaq.
Dəmiryol, su və hаvа nəqliyyatı vasitələrinin sığortası
Dəmiryol vasitələrinin sığortası dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur.
Su nəqliyyatı vasitələrinin sığortası- na pis hava, toqquşma, yanğın, zəbt etmə və s. bu kimi dəniz təhlükələrindən sığorta daxildir.
Su nəqliyyatı ilə bağlı üç növ maraq sığortalana bilər:
A. Gəminin özü - gəminin gövdəsi və avadanlığı;
B. Gəminin daşıdığı yük;
C. Fraxt – yükdaşımaya görə ödənilən haqq.
Hava nəqliyyatı vasitələri üçün hərtərəfli sığorta mövcuddur ki, nəqliyyat vasitəsinin korpusuna yerdə və ya havada dəymiş zərərlə yanaşı, yük və sərnişinlər qarşısında məsuliyyətə verilən təminatı da əhatə edir.
Yüklərin (nəqliyyat) sığortası nəinki su nəqliyyatı vasitələri, ümumiyyətlə daşınma üsulundan asılı olmayaraq yükün zədələnməsi, korlanması, məhv olması, yaxud hər hansı formada itkisi nəticəsində dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur. Yük sığortası daşınma müddəti ərzində, yəni göndərilmə yerindən çatdığı yerə qədər təminat əsasında aparılır.
İstənilən şəxs və ya təşkilat ehtiyatsız və diqqətsiz hərəkətləri, təklif etdiyi məhsul və xidmətlərdə çatışmazlıqlar üzündən başqa şəxslərə və ya onların əmlakına vurduqları zərərə görə və ya mülkihüquqi müqavilələr üzrə müəyyən maddi məsuliyyətlə üzləşə bilər.
Bu cür maddi məsuliyyətlərin qarşılanması üçün mülki məsuliyyət sığortası mövcuddur. Mülki məsuliyyət sığortasında tez-tez üçüncü şəxs ifadəsinə rast gələcəksiniz. Üçüncü şəxs dedikdə, məsuliyyət sığortası üzrə baş vermiş sığorta hadisəsi nəticəsində zərər vurulan şəxs başa düşülür. Yəni müvafiq sığorta müqaviləsi üzrə sığortalı və sığorta şirkəti birinci və ikinci şəxs, zərərçəkən isə üçüncü şəxs hesab edilir. Mülki məsuliyyət sığortası üzrə aşağıdakı sinifləri mövcuddur:
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən digər şəxslərə və ya onların əmlakına vurduğu zərərin əvəzini onlara ödəmək öhdəliyi ilə üzləşərsə, həmin zərərin sığortaçı tərəfindən həyata keçirilməsini nəzərdə tutur.
Bu sığorta sinfi üzrə müqavilələr həm icbari (yəni avtomobil sahibləri öz məsuliyyətlərini dövlət tərəfindən müəyyən edilən qaydada mütləq sığorta etdirməlidirlər), həm də könüllü formada bağlanır.
Dəmiryol, su və hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası da sığortalıya məxsus dəmiryol, su və hava nəqliyyatı vasitəsindən istifadə olunarkən digər şəxslərə vurulan zərərin əvəzini onlara ödəmək öhdəliyi yarandıqda, bu zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
Yük daşıyanın mülki məsuliyyətinin sığortası sığortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə edərkən yükün zədələnməsi, oğurlanması və digər bu kimi hallarla bağlı yükün sahibinə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi yarandıqda, həmin zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası üzrə məsuliyyətini sığorta etdirmiş şəxs hər hansı digər şəxslə bağladığı müqavilə şərtlərini lazımi qaydada yerinə yetirə bilməməsi ilə əlaqədar yaranan mülki məsuliyyəti hansı məbləğdə ifadə olunursa, sığortaçı həmin məbləği sığorta müqaviləsində nəzərdə tutulmuş həddə ödəyir.
Peşə məsuliyyətinin sığortası müxtəlif peşə sahiblərinin (həkimlərin, vəkillərin, auditorların, brokerlərin və s.) peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik üzündən xidmət göstərdiyi şəxslərə dəyən zərər üzrə öhdəlikləri ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
İşəgötürənin məsuliyyət sığortası işçisinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində yaranan xərclərin əvəzinin işçiyə və ya onun ailəsinə ödənilməsi ilə əlaqədar işəgötürənin öhdəlikləri üzrə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
Artıq qeyd etdiyimiz kimi, mülki məsuliyyətin sığortası müqaviləsini bağlamaqla, maddi imkanları aşağı olan şəxslərin bədbəxt hadisələr və digər hallar nəticəsində başqalarına vurduqları zərərə görə xərclərinin əvəzinin ödənilməsi mümkündür. Beləliklə, sığorta həm də insanları gözləmədikləri və sığortalanmadıqları (bu halda üçüncü şəxsləri) risklərdən qoruya bilər. Bunun üçün isə mümkün qədər çox insan mülki məsuliyyətini sığorta etdirməlidir. Çünki sığorta bizə nəinki özümüzə dəyən zərərlərdən təminat verir, eləcə də başqa şəxslər qarşısında yaranan maddi öhdəliklərimizin qarşılanmasında da yardımçı olur.
Kreditlərin sığortasında kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
İpoteka sığortası. Aydındır ki, “ipoteka” dedikdə daşınmaz əmlakın, məsələn evin girov qoyulması nəzərdə tutulur. Girov isə, adətən borc verən üçün verdiyi borc müqabilində təminat rolunu oynayır. Daşınmaz əmlakını girov qoyaraq borc götürən şəxs borcunu ödəyə bilmədiyi halda, ipoteka (girov) qoyulan (daşınmaz) əmlakın bazar qiyməti də düşmüş olarsa, bu zaman borc verənin təminatı tam şəkildə ödənilməyə bilər. Bununla əlaqədar, yəni ipoteka predmetinin bazar qiymətinin düşməsi halında borclunun borc verən qarşısındakı öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində borc verənin zərərlərinin əvəzinin ödənilməsi ipoteka sığortası vasitəsilə həyata keçirilə bilər.
Qarışıq maliyyə risklərinin sığortasına bazar dəyərinin düşməsi riskindən sığorta və işin dayanması ilə bağlı risklərdən sığorta daxildir.
Bazar dəyərinin düşməsi riskindən sığorta əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə ilə əlaqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün həyata keçirilir.
İşin dayanması ilə bağlı risklərdən sığorta sığortalının kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində baş verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
Digər müqavilələrin bağlanmasında olduğu kimi sığorta müqaviləsi də bir tərəfin (vətəndaş, hüquqi şəxs və s.) digər tərəfə (adətən sığortaçıya) müqavilə bağlamaq təklifi ilə başlayır.
Sığorta müqaviləsi yazılı formada iki üsulla bağlanır:
1. “Sığorta müqaviləsi” adlı sənədin tərtib edilərək sığortaçı və sığortalı tərəfindən qarşılıqlı imzalanması yolu ilə;
2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.
Sığorta müqaviləsinin bağlanmasından əvvəlki prosedurları – müraciətin edilməsi, anderraytinq (risklərin qiymətləndirilməsi), müraciətin qəbulu, sığorta şəhadətnaməsinin verilməsi və s. kimi prosedurları ardıcıllıqla nəzərdən keçirəcəyik. Bu zaman biz sığortanın prinsipləri barədə də danışacağıq.
Müqavilə bağlamaq istəyən şəxsin sığorta etdirmək istədiyi risklə bağlı tələb olunan məlumatları vahid qaydada təqdim etmək üçün hər bir sığortaçı ayrı-ayrı sığorta sinifləri üzrə sorğu formaları hazırlayır. Bu formalar adi fiziki şəxslər, kiçik ticarətlə məşğul olanlar, habelə təşkilatlar üçün fərqlidir. Böyük risklərin qəbulu zamanı isə bütün məlumatları formada yerləşdirmək çətindir və buna görə də riskin detalları bir qədər fərqli formada təqdim olunur.
Müqavilə bağlamaq istəyən şəxs sığortaçıya həm birbaşa, həm də sığorta brokeri vasitəsilə müraciət edə bilər. Böyük həcmli riskləri olan təşkilatlar adətən brokerə müraciət edir, o isə öz növbəsində sığortalanmaq istəyənin müraciət formasını və lazımi məlumatları hazırlayaraq sığortaçıya göndərir.
Müraciət və ya təklif hansı formada olursaolsun, sığortalanmaq istəyən müraciət edənin adı, soyadı, ünvanı, məşğuliyyəti, keçmiş sığorta müqavilələri və əvvəllər onunla əlaqədar baş vermiş sığorta hadisələri ilə bağlı məlumatlar, sığorta predmetinin yeri və ya ünvanı orada öz əksini tapmalıdır. Bundan əlavə, hansı sığorta sinfi və ya sinifləri üzrə sığortalanmaq istəyi ilə bağlı məlumat da sorğuda əks olunmalıdır.
Müraciət formasındakı və ya sorğudakı suallara cavab verərkən müraciət edən risklə bağlı bütün müvafiq məlumatları, açıqlamalı, habelə sığortalanmaq istədiyi məbləği (sığorta məbləğini) bildirməlidir.
Anderraytinq
“Anderrayter” termini sığorta müqaviləsi bağlamaq üçün edilən müraciəti nəzərdən keçirərək riski qiymətləndirən, onun qəbul edilibedilməməsi ilə bağlı qərar verən, qəbul edildikdə isə hansı şərtlərlə qəbul edildiyini müəyyənləşdirən şəxsi ifadə edir.
Anderraytinq zamanı müraciət nəzərdən keçirilərkən riskin dərəcəsinə təsir göstərən iki qisim amillər nəzərə alınmalıdır – mənəvi amillər və fiziki amillər.
Mənəvi amillər insanların hərəkətləri və ya münasibətlərindən asılı olaraq daha ciddi zərərlərin baş verməsi ehtimalı ilə bağlıdır. Ən bariz nümunə sığortalının qeyri-vicdanlı hərəkətləridir, lakin ən geniş yayılmış mənəvi amil isə sığortalı, işçilər və ya digərləri tərəfindən edilən ehtiyatsızlıq və diqqətsizlikdir. İctimai mühit, məsələn geniş yayılmış vandalizm və ictimai iğtişaşlar da mənəvi amillərə aiddir.
Fiziki amillərə əmlak sığortasında, məsələn, tikilinin, onun tərkib hissələrinin fiziki cəhətləri, onun içərisində gedən proseslər aiddir. Şəxsin fiziki keyfiyyətləri, sağlamlıq durumu ilə bağlı məqamlar da həyat sığortasında fiziki amillərə aiddir. Bütün bunları təhlil etməklə itkinin baş vermə ehtimalının böyük və ya kiçik olduğu, baş verəcəyi halda isə yaranacaq zərərin böyük və ya kiçik olacağı proqnozlaşdırılır.
Anderrayterin riski qiymətləndirməsinin nəticəsi olaraq, sığorta haqqı fiziki və mənəvi amillərə, habelə sığorta məbləğinə müvafiq olaraq müəyyən edilir.
Sığorta məbləği sığorta müqaviləsində müəyyən edilir və sığortalanmış risklər üzrə sığortaçının maliyyə öhdəliyinin son həddini ifadə edir. Böyük həcmli (yəni böyük məbləğdə pulla ifadə edilən) risk, sığorta edildiyi zaman ola bilsin ki, sığortaçı bu riski öz üzərinə götürə bilməsin. Belə risklərin hansı nisbətdə qəbul edilməsi ilə bağlı qərara təsir edən amillərdən biri də sığortaçının malik olduğu təkrarsığorta imkanlarıdır.
Məlumatlar sığortalanmaq üçün müraciət edənə birbaşa və ya broker vasitəsilə çatdırılır.
Təminat şəhadətnaməsi
Şərtlər hər iki tərəf üçün əlverişli olduqda sığorta müqaviləsi tərtib edilənə qədər, əgər sığorta təminatı sığorta brokeri vasitəsilə əldə edilirsə, həmin broker sığortalıya təminat şəhadətnaməsi verir. Təminat şəhadətnaməsi sığortalının risklərinin artıq yerləşdirilmiş olmasını təsdiq edən sənəddir. Təminat şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:
– sığorta müqaviləsi üzrə riskləri qəbul edən sığortaçının tam adı və ünvanı;
– sığortalının tam adı və ünvanı;
– sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
– sığorta müqaviləsi üzrə təminat verilən sığorta riskləri;
– sığortaçının qəbul etdiyi sığorta riskinə uyğun olan sığorta məbləğinin ayrı-ayrı risklər üzrə miqdarı;
– sığorta haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və ödənilməsi qaydası.
Əgər yuxarıda sadalanan məlumatların hər hansı birində dəyişiklik edilərsə, təminat şəhadətnaməsində bu dəyişikliklər öz əksini tapmalıdır.
Sığorta şəhadətnaməsi
Sığorta şəhadətnaməsi sığortaçı ilə sığortalı arasında sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəddir. Bu termin təcrübədə bəzən “sığorta pòlisi” kimi də tanınır. (Lakin “sığorta polisi” beynəlxalq təcrübədə ümumilikdə sığorta müqaviləsinə verilən addır.) Sığorta şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:
– sığortaçının adı və ünvanı;
-sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı) və ünvanı;
– sığorta predmeti və onun olduğu yer, yaxud sığorta olunanın adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı;
– sığorta riskləri;
– sığorta məbləği;
– sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddəti;
– sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
– sığorta müqaviləsinin aid olduğu digər şəxslər (faydalanan şəxs, sığorta agenti və sığorta brokeri) varsa, onların adları (fiziki şəxs olduqda həmçinin soyadı və atasının adı) və ünvanları;
– sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri.
Sığorta şəhadətnaməsində sığorta nəzarəti orqanının adı, ünvanı və telefon nömrəsi də qeyd olunur. Bu o məqsədlə edilir ki, sığortalı və ya sığorta olunan müqavilə üzrə öz hüquqlarının pozulduğunu hesab etdiyi hallarda şikayəti müvafiq dövlət orqanına – sığorta nəzarəti orqanına ünvanlaya bilsinlər.
İcbari sığortada (qanunla tələb olunan, yəni şəxsin istəyindən asılı olmayaraq, onun sığorta etdirməsinin tələb olunduğu sığorta) icbari sığorta növlərinin aparılması qaydaları və şərtləri qanunlarda müəyyən edilir. Könüllü sığortada (qanunla tələb olunmayan, yəni şəxsin öz istəyi ilə sığortalanmasını nəzərdə tutan) isə “sığorta qaydaları” adlanan sənəd mövcuddur. Sığorta qaydaları müvafiq sığorta növünün (məsələn, avtomobillərin tam sığortası və ya səfər sığortası və s.) əsaslandığı qayda və şərtlərin məcmusunu əks etdirir. Sığorta qaydaları könüllü sığorta müqaviləsinin əsaslandığı başlıca sənəddir. Burada sığortalanan risklər, sığorta ödənişindən istisnalar və digər vacib məqamlar daha ətraflı şəkildə qeyd olunur. Bu səbəbdən sığorta müqaviləsi bağlanmazdan əvvəl sığortalı sığorta qaydalarını diqqətlə oxumalı və sığortaçı da ona bu işdə yardımçı olmalıdır. Bir çox hallarda sığorta qaydalarını sığortaçı özü hazırlayır, lakin həmin qaydalar sığorta nəzarəti orqanı ilə razılaşdırılmalıdır. Sığorta nəzarəti orqanı fiziki şəxslərə təqdim edilən sığorta növləri üzrə ölkənin sığorta sisteminə daxil olan bütün sığortaçılar üçün ümumi sığorta qaydaları müəyyən edə bilər. Bu halda sığortaçı fiziki şəxslərlə bağladığı müvafiq sığorta müqaviləsini həmin qaydalar əsasında bağlamalıdır.
Məlumat vermə vəzifəsi
Sığorta müqaviləsinin tərəfləri bir-birinə münasibətdə həmin müqavilə ilə bağlı olan məsələlərdə aşkarlıq və vicdanlılıq prinsiplərinə əməl etməlidirlər.
Sığortalı tərəfindən açıqlanmalı olan məlumatlar dedikdə sığorta müqaviləsi bağlanarkən, eləcə də müqavilə bağlandıqdan sonra sığortalıya məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar nəzərdə tutulur. Bu cür açıqlama tələbi sığorta işində çox vacib prinsiplərdən biridir. Sığortalanmaq istəyən şəxs həm sığorta müqaviləsi bağlanmazdan əvvəl, həm də müqavilə qüvvədə olduğu müddətdə sığortalamaq istədiyi risk barədə ona məlum olan bütün məlumatları, sonradan baş verən dəyişiklikləri tam düzgünlüklə sığortaçıya bildirməlidir. Məsələn, evini sığortalamaq istəyən şəxs həmin evin yerləşdiyi ərazidəki tikinti işlərinin aparılması və ya tezalışan maddələrin saxlandığı yerlərin olması barədə həm müqavilə bağlanarkən həm də belə tikinti işi sonradan başlayıbsa və ya təhlükəli maddələr evin yanında sonradan yerləşdirilibsə, müqavilə bağlandıqdan sonra bu barədə sığortaçıya məlumat verməlidir.
Sığortalı eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlamışsa, məsələn avtomobilini iki sığortaçıda sığortalamışdırsa, bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda sığortalı digər sığortaçının adını və sığorta məbləğini göstərməlidir. Sığortaçı tələb etdikdə həmin məlumatları təsdiq edən sənədləri də təqdim etməlidir.
Əgər sığortaçı sığortalının adından çıxış edən sığorta brokerinin xidmətindən istifadə edirsə, brokerin riski gizlətmə və ya aldatma hərəkəti də sığortaçıya müqavilə bağlamaqdan imtina etmək üçün əsas verir. Çünki sığortalı tərəfindən verilməli olan hər bir məlumat sığortaçı tərəfindən riskin qiymətləndirilməsinə və müqavilənin başqa məzmunda bağlanmasına, habelə sığorta haqqının məbləğinə, hətta müqavilə bağlamaqdan imtina edilməsinə təsir edə bilər.
Eləcə də sığortaçı sığortalıya münasibətdə vicdanlı olmalıdır, onu sığortanın şərtləri ilə ətraflı tanış etməli, hansı hallarda sığorta ödənişindən imtina edilməsinin mümkünlüyü barədə onu dolğun məlumatlandırmalıdır. Bundan başqa, məsələn, sığortalanmaq istəyərkən sizə sığortaçının maliyyə vəziyyəti maraqlıdır. Bilmək istəyirsiniz ki, gələcəkdə bir zərərlə üzləşsəniz, sığortaçı bunun əvəzini ödəmə qabiliyyətinə malik olacaqmı? O zaman sığorta müqaviləsi bağlayarkən tam arxayınlıq üçün sığortaçının illik balansı və fəaliyyətinin illik yekunlarına dair müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə nəticələri ilə tanış ola bilərsiniz.
Sığortaçı, sığorta brokeri və ya sığorta agenti sizi könüllü sığortada sığorta müqaviləsi və onun əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir.
Sığortalanmalı olan əmlak və ya əmlak marağı ilə bağlı müraciət formasındakı sorğuda göstərilən xüsusi suallardan biri də sığorta məbləğinə aiddir. Bu sual sığortanın başqa bir prinsipi ilə əlaqədardır: Sığortalı sığorta hesabına gəlir əldə etməməlidir, o sadəcə itkinin baş verməsindən dərhal əvvəlki maliyyə vəziyyətinə qaytarılmalıdır. Yəni avtomobil öz dəyərindən artıq məbləğə sığortalana bilməz. Bu sığortalının avtomobilinə olan marağının da aradan qalxmasına səbəb olar. Çünki, belə olan halda o təxmin edər ki, avtomobili məhv olsa da onun dəyərindən artıq məbləğdə sığorta ödənişi alacaq. Sığorta məbləği sığorta predmetinin həqiqi dəyərinə mütənasib olmalıdır.
Bir sözlə müqavilənin hər iki tərəfi bir-birinə münasibətdə aşkarlıq və vicdanlılıq prinsiplərinə əməl etməlidirlər. Əgər müqavilənin tərəflərindən biri bu vəzifələri yerinə yetirmirsə, digər tərəfin müqavilədən və ya müqavilə artıq bağlanmışdırsa, müqavilə üzrə öhdəliklərindən imtina etmək hüququ var. Lakin bu məqamda bir məsələ xüsusi olaraq vurğulanmalıdır ki, əgər sığortalının verdiyi məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum idisə və ya sığortalı yanlış məlumatı verərkən onun yanlış olduğunu bilməmişdirsə, yaxud riskə təsir göstərən müəyyən amildən xəbəri olmamışdırsa, sığortaçı sığorta ödənişi verməkdən imtina edə bilməz.
Məlumat vermə vəzifəsi müqavilənin qüvvədən düşməsinə qədər olan bütün mərhələlərdə yerinə yetirilməlidir. Xüsusilə də sığorta hadisəsi baş verdiyi halda sığortalı mümkün olan ən qısa müddət ərzində hadisə barədə sığortaçını məlumatlandırmalıdır. Burada da bir məqam vurğulanmalıdır ki, əgər sığortalının hadisə barədə vaxtında məlumat verməməsi nəticəsində sığortaçı zərəri və ya onun səbəblərini qiymətləndirmək imkanından məhrum olursa, bu halda sığortaçı ödəniş verməkdən imtina edə bilər.
Maliyyə təzminatı prinsipi
İkinci fəsildə qeyd etdiyimiz kimi, hər hansı bir marağın sığortalanması üçün tələblərdən biri də onun maddi cəhətdən hesablanan olmasıdır. Bu onun üçün lazımdır ki, zərər və ya itki baş verdikdə onun məbləğini müəyyənləşdirmək mümkün olsun.
Maliyyə təzminatı (və ya maliyyə kompensasiyası) prinsipinin mahiyyəti ondan ibarətdir ki, ödənilən sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən sonra həmin hadisənin baş verməsindən dərhal əvvəlki maliyyə vəziyyətinə qaytarmağa “xidmət etməlidir”. Bu şəxsin üzləşdiyi maddi zərərin sanki əvəzidir. Məsələn, 15.000 manat dəyərində olan avtomobilə 1000 manatlıq zərər dəymişdirsə, onun təzminatı 1000 manat məbləğində ödəniş ola bilər və ya onun zədələnmiş hissəsi təmir olunaraq əvvəlki vəziyyətinə qaytarıla bilər, yaxud da xarab olmuş detal onun zərərdən əvvəlki vəziyyətində olan başqa bir detalla əvəz edilə bilər. Bir sözlə təzminat zərərə mütənasib olmalı, sığortalı və ya sığorta olunan bu təzminat nəticəsində gəlir əldə etməməlidir.
Əlbəttə ki, heç kim özünün və ya başqa bir şəxsin həyatının və ya bədən üzvünün (məsələn, ayağının, gözlərinin və s.) həqiqi maddi dəyərini müəyyənləşdirə bilməz. Bu səbəbdən maliyyə təzminatı prinsipi tibbi sığorta istisna olmaqla, şəxsi sığortaya aid olan sığorta siniflərinə aid edilmir. Qeyd edildiyi kimi, bu siniflərdə zərərin maddi cəhətdən ölçülməsi mümkün deyil. Tibbi sığortada isə şəxsin çəkdiyi tibbi xərclər maliyyə cəhətdən ölçülə bilir.
Maliyyə təzminatı necə təmin olunur?
Buna ən sadə misallardan biri mülki məsuliyyətin sığortasında zərər vurduğunuz başqa bir şəxsə ödəməli olduğunuz məbləğin əvəzinin sığortaçı tərəfindən verilməsidir.
Əmlakın sığortasında maliyyə təzminatı bir neçə formada həyata keçirilə bilər:
– zərər məbləğinin pul şəklində ödənilməsi; Məsələn, yanğın nəticəsində evə dəymiş zərərin məbləği müəyyənləşdirilərək həmin məbləğdə pul vəsaiti ödənilməsi.
– sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; Məsələn zədələnmiş avtomobilin təmir emalatxanasında təmirinə görə sığortaçı tərəfindən həmin emalatxanaya xidmət haqqının və dəyişdirilən ehtiyat hissələrinin dəyərinin ödənilməsi.
– zərər dəymiş əmlakın təmiri və ya bərpası; Məsələn, sığorta hadisəsi nəticəsində xarab olmuş hər hansı bir inşaat qurğusunun və ya neft buruğunun sığortaçı tərəfindən təmir etdirilməsi.
– sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın əvəz edilməsi. Məsələn, sığorta hadisəsi nəticəsində sınmış şüşənin, yaxud xarab olmuş cihazın yenisi ilə əvəz edilməsi.
Maliyyə təzminatının məbləğinin müəyyən edilməsi
Bəzi hallarda, məsələn avtomobilin tamamilə məhv olduğu halda maliyyə təzminatının məbləğini müəyyənləşdirmək çətin deyil. Bunun üçün avtomobil bazarında analoji (eyni ildə istehsal edilmiş, eyni markadan olan, eyni məsafədə yol qət etmiş və s. eyni xüsusiyyətlərə malik olan) başqa bir avtomobilin qiymətini öyrənmək kifayətdir. Əşyaların zədələndiyi və ya tam məhv olduğu hallarda oxşar xüsusiyyətlərə malik başqasının və ya onun müvafiq hissəsinin tapılması mümkün olmadıqda, təzminat məbləği müəyyən edilərkən həmin əşyanın və ya hissəsinin yenisi ilə əvəz edilməsi üçün çəkiləcək xərclərdən köhnəlmə məbləği çıxılır. Məsələn, evin və içərisindəki əşyaların sığortasında evdə baş vermiş yanğın nəticəsində bir xalça da yanmışdır. Tutaq ki, həmin xalçanın yeni olan eynisi ilə əvəz edilməsi üçün çəkiləcək xərcin məbləği 500 manatdır. Lakin xalça artıq iki ildir ki, istifadə edilir və əgər həmin xalçanın istifadə müddəti 5 il müəyyən edilmişdirsə, deməli xalça yandığı ana qədər artıq 40% köhnəlmişdir. Bu səbəbdən yanmış xalçaya görə maliyyə təzminatı məbləği onun yenisinin qiymətinin 60%-i olmalıdır. Beləliklə təzminat məbləği 300 manat olacaq.
Kommersiya və istehsalat binalarının və avadanlıqlarının sığortası, eləcə də evin sığortası müqavilələri “köhnənin əvəzinə yeni” şərti ilə genişləndirilə bilər. Yəni bu şərtin mövcud olduğu halda yuxarıda qeyd olunan misaldakı xalçanın yanması zamanı köhnəlmə xərci çıxılmadan 500 manat ödəniləcək. Həmçinin avtomobilin zədələnmiş ehtiyat hissəsinin yenisi ilə əvəz edilməsi zamanı köhnəlmə xərci çıxılmayacaq. Əlbəttə ki, bu şərtin müqaviləyə salınması üçün sığortalı sığorta haqqını bir qədər artıq məbləğdə ödəməlidir.
Bütün hallarda maliyyə təzminatının məbləği sığorta ödənişinin hansı məbləğdə ödənilməsi üçün əsasdır. İdeal halda sığortaçının öhdəliyi maliyyə təzminatının tam məbləğinə bərabərdir. Lakin sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduqda, öhdəlik və bu öhdəliyə uyğun olan sığorta ödənişnin məbləği təzminatın məbləğindən az ola bilər.
Azadolma məbləği ifadəsindəki “azadolma” sığortaçının azad edilməsinə işarədir. Bəs sığortaçı nədən azad edilir? Bu suala azadolmanın iki əsas növünü aydınlaşdırdıqda cavab tapacağıq.
Şərtsiz azadolma. Şərtsiz azadolma məbləğinin nəzərdə tutulduğu müqavilədə sığortaçı hər bir itkinin müəyyən məbləğini ödəməkdən azad edilir və bu məbləği ödəmək sığortalının üzərində qalır. Məsələn, avtomobil sığortası müqaviləsində şərtsiz azadolma məbləği 200 manat nəzərdə tutulmuşdursa, əgər avtomobilə 200 manata qədər zərər dəyirsə, sığorta ödənişi verilmir, avtomobilə 200 manatdan çox məbləğdə, məsələn, 1000 manatlıq zərər dəyirsə, sığortaçı 800 manat ödəyir.
Şərtli azadolma. Şərtli azadolma məbləğinin müqavilədə nəzərdə tutulduğu halda, sığorta hadisəsi nəticəsində dəyən zərərin məbləği azadolma məbləğindən çox olduqda təzminat məbləğindən azadolma məbləği çıxılmır. Məsələn şərtli azadolma məbləği 100 manat göstərilmişdirsə, yenə də 100 manatdan aşağı zərər hallarında bütün zərər sığortalının özü tərəfindən qarşılanmalıdır. Əgər avtomobilə 150 manatlıq zərər dəyərsə, sığorta ödənişi tam təzminat məbləğində (150 manat) verilir.
Sığorta məbləği sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin son həddini ifadə edən məbləğdir. Yəni sığortaçı müqavilədə nəzərdə tutulmuş sığorta məbləğindən artıq sığorta ödənişi vermir. Başqa sözlə maliyyə təzminatının məbləği sığorta məbləği ilə məhdudlaşır.
Əgər sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi sığorta məbləğindən çoxdursa, sığortaçı bütünlükdə sığorta məbləğini ödəməklə kifayətlənir.
Qismən sığorta. Ola bilsin ki, əmlakın sığortası müqaviləsində sığorta məbləği əmlakın dəyərindən az nəzərdə tutulsun. Bu qismən sığorta adlanır, yəni əmlak tam dəyərində yox, qismən sığortalanıb. Bu halda əmlak zədələndikdə sığorta ödənişi sığorta məbləğinin əmlakın dəyərinə olan nisbətində ödənilir. Bu zaman sığorta ödənişinin məbləği aşağıdakı kimi hesablanır:
Sığorta məbləği x zərər məbləği / Əmlakın dəyəri
Məsələn, əgər sığortalanan əmlakın dəyəri 10.000 manat, sığorta müqaviləsi üzrə sığorta məbləği isə 7.500 manatdırsa, əşyaya dəymiş zərərin həcmi 600 manat hesablandıqda, sığorta ödənişi aşağıdakı kimi hesablanacaqdır:
7500 x 600 /10.000= 450 (manat)
Deməli qeyd olunan qismən sığorta halında 600 manat məbləğində zərərə görə sığorta ödənişi 600 manat deyil, 450 manat olacaq.
Sığortalandığınız risk bir gün reallaşa bilər. Sığortanın əsl dəyərivə mahiyyəti itki baş verəndə bilinir.
Sığorta tələbləri necə tənzimlənir? Bunun üçün hansı mərhələlər var? Tətbiq olunan hər hansı xüsusi prinsiplər varmı? Bu fəsildə biz bu suallara və tələblərlə bağlı digər məsələlərə qısaca aydınlıq gətirəcəyik.
İlk öncə bilməliyik ki, sığorta tələbi dedikdə, sığorta hadisəsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi üçün sığortalı tərəfindən sığortaçı qarşısında irəli sürülən sığorta ödənişini həyata keçirməklə bağlı tələb başa düşülür.
Artıq əvvəlki fəsildə qeyd etmişdik ki, hadisə baş verən kimi sığortaçını dərhal və ya mümkün olan ən qısa müddət ərzində məlumatlandırmaq lazımdır. Bir çox hallarda məlumatlandırmadan sonra hadisə haqqında yazılı bildiriş (ərizə, sığortaçının hazırladığı xüsusi formada sığorta tələbi vəs.) təqdim olunur. Bu cür bildiriş sığortalıya imkan verir ki, zərərlə bağlı mümkün olan bütün məlumatları sığortaçıya təqdim edə bilsin. Burada o, hadisənin nə zaman, harada və necə baş verdiyini, məruz qaldığı zərərin məbləğini və hadisə ilə bağlı mövcud olan digər sığorta müqavilələri haqqında, o cümlədən hadisənin baş verməsinə görə məsuliyyət daşıyan başqa şəxs varsa, onun haqqında məlumatları göstərir.
Sığorta tələbini nəzərdən keçirərkən sığortaçı hər şeydən əvvəl itki baş verdiyi anda sığorta müqaviləsinin qüvvədə olub-olmadığını dəqiqləşdirir. Əgər müqavilə qüvvədə olmamışdırsa, artıq zərərlə bağlı araşdırma aparmağa ehtiyac qalmır.
Bu fəsildə zərərlərin tənzimlənməsi zamanı sığortaçılar tərəfindən aparılan araşdırmaların üç əsas cəhətinə toxunacağıq ki, o da sizə sığortanın üç əsas prinsipini anlamağa kömək edəcək.
1. İtkinin birbaşa səbəbi
İlk növbədə hadisənin necə baş verdiyi öyrənilir. Hər bir hadisə hər hansı bir səbəbin nəticəsidir. Bu məqamda nəzərə almalıyıq ki, sığorta müqavilələri yalnız müəyyən səbəblərdən baş verən hadisələrə görə təminat verir. Buradan aydın olur ki, hər bir sığorta hadisəsinin və itkinin səbəbinin öyrənilməsi üçün diqqətlə təhlil aparılması çox mühümdür. Çünki, sığorta ödənişi yalnız sığorta hadisəsinə görə verilir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş və itkiyə səbəb olmuş hadisə və ya hal o zaman sığorta hadisəsi sayılır ki, sığorta müqaviləsində təminat verilən risklərin reallaşmasının səbəbi olsun, həmçinin hadisənin baş verməsində sığorta ödənişindən imtinaya səbəb olan hallar mövcud olmasın. Əgər itkinin səbəbi sığortalanmış riskdirsə, onda zərərin əvəzi ödənilməlidir. Hadisə müqavilədə istisna edilmiş və ya sığortalanmamış riskin reallaşması üzündən baş verdikdə isə sığorta ödənişi həyata keçirilməməlidir.
İtki baş verdiyi halda, onun sığorta hadisəsi hesab edilməsi üçün ən vacib məsələ onun sığorta müqaviləsinin təminat verdiyi risklərdən birinin reallaşması üzündən baş vermiş olmasıdır. Deməli, sığortaçı sığorta ödənişini həyata keçirməzdən əvvəl araşdırma aparıb hadisənin baş vermə səbəbinin sığortalanmış olub-olmamasını aydınlaşdırmalıdır. İtki bir və ya biri digərindən qaynaqlanan bir neçə səbəbdən baş verə bilər. Eyni zamanda iki risk reallaşdıqda və hər iki risk sığortalanmışdırsa demək olar ki, problem yoxdur. Problem onda yaranır ki, hadisənin baş vermə səbəblərindən biri sığortalanmış, digəri isə sığortalanmamış və ya istisna edilmiş risk olur. Əgər bu müxtəlif səbəblərin təsirlərini fərqləndirmək mümkün olarsa, onda yalnız sığortalanmış səbəbin təsirləri sığorta hadisəsi hesab olunaraq ödəniş həyata keçirilir. Əks halda, yəni təsirləri fərqləndirmək mümkün olmadıqda, məsələ daha mürəkkəbdir və sığortaçılar əllərindən gələni etməlidirlər ki, ədalətli qərar qəbul olunsun.
Vahid bir səbəb və ya eyni zamanda baş vermiş bir neçə səbəb ilə yanaşı, səbəblər zənciri də çox yayılmış bir haldır. Məsələn, fabrikdə buxar qazanı partlayır və binanın damı aşır. Damdan düşən poladın yaratdığı qığılcımdan yanğın baş verir və nəticədə fabrikin partlayışın təsirinə məruz qalmamış hissələrinə yayılır və onları məhv edir. Bu halda, bütünlükdə hadisə dəqiqliklə təhlil olunacaq və sığortaçı çox güman ki, yalnız sığortalanmış səbəbin nəticələrini kompensasiya etməyə çalışacaq.
Birbaşa səbəbin sığortalanmış olub-olmamasının müəyyənləşdirilməsi mürəkkəb bir işdir və yalnız birbaşa səbəb prinsipinin işlədilməsində mövcud olan əhəmiyyətli təcrübə hesabına həll oluna bilər.
2. İkili (çoxqat) sığorta
Hadisə baş verdikdə, sığortaçının maraqlanacağı ikinci bir məsələ zərərin əvəzinin başqa bir sığortaçı tərəfindən də ödənilməli olubolmamasıdır. Əvvəlki fəsillərdə qeyd etdiyimiz kimi, hadisə barədə məlumat verərkən sığortalı mütləq başqa bir sığortaçıda sığortalanmış olub-olmaması barədə məlumat verməlidir. Çünki bəzi hallarda sığortalı əmlakını eyni risklərdən iki və ya daha çox sığortaçıda sığortalayır. Bu isə o deməkdir ki, sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişlərinin məbləğləri ümumilikdə sığorta dəyərindən artıq olacaq, bu isə maliyyə təzminatı prinsipinə ziddir. Artıq bildiyimiz kimi, sığorta sığortalını əvvəlkindən üstün maliyyə vəziyyətinə gətirməməlidir, onu sadəcə hadisə baş verməzdən dərhal əvvəlki maliyyə vəziyyətinə qaytarmalıdır. Bu səbəbdən birdən artıq sığorta müqaviləsinin bağlandığı məlum olduqda, maliyyə təzminatı prinsipinin təmin edilməsi mexanizminin işə düşməsi zərurəti yaranır.
Əlbəttə, əgər şəxs qanunsuz gəlir əldə etmək niyyətilə bir neçə sığorta müqaviləsi ilə əmlakı həqiqi dəyərindən artıq məbləğə sığorta etdirərsə, bu niyyətin sübut edildiyi halda, sığorta müqavilələrinin hər biri bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək niyyəti məhkəmə qaydasında sübut edilməlidir. Əks halda isə, yəni belə bir niyyəti olmadan eyni sığorta marağı ilə bağlı iki və ya daha artıq sığortaçı ilə müqavilə bağladığı halda, sığortaçılardan biri digərlərini sığorta ödənişini bölüşdürməyə çağırmaq hüququna malikdir.
Bu hüquq aşağıdakı hallarda yaranır:
A. Şəxsin iki və ya daha artıq sığorta müqaviləsi mövcuddur;
B. Sığorta müqavilələri eyni sığorta marağını əhatə edir;
C. İtkinin baş vermə səbəbi hər bir müqavilə üzrə sığortalanmışdır;
Ç. Müqavilələr eyni predmetlə bağlıdır;
D. Hər bir müqavilə üzrə zərərin əvəzi ödənilməlidir.
Belə bir vəziyyət yarandıqda, sığorta ödənişinin həyata keçirilməsi bir qədər fərqli olur. Belə ki, hər bir sığortaçının ödəməli olduğu sığorta ödənişi onunla bağlanmış sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğindən asılıdır. Yəni hər bir sığortaçının payına onun müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib məbləğdə ödəniş etmək düşür. Məsələn, təsəvvür edək ki, şəxs sığortaçılara tam etibar etmədiyinə görə avtomobilini iki sığortaçıda onun tam dəyərində (12.000 manat) eyni risklərdən sığorta etdirib. Yəni hər bir sığortaçı eyni sığorta məbləğində avtomobilin həqiqi dəyəri məbləğində öhdəlik daşıyır. Sığorta hadisəsi baş vermiş və avtomobil tamamilə məhv olmuşdur. Bu zaman düşünməyin ki, sığortalı hər iki sığortaçıdan bütün sığorta məbləğini, başqa sözlə iki avtomobilin dəyərində (24.000 manat) ödəniş alacaq. Xeyr, bu halda hər bir sığortaçı sığorta məbləğinin yarısı miqdarında (6000 manat) ödəniş həyata keçirəcək.
Müxtəlif sığorta müqavilələri üzrə sığorta məbləğləri fərqli olduqda isə, hər bir sığortaçı öz müqaviləsində nəzərdə tutulan sığorta məbləğinə mütənasib qaydada öhdəlik daşıyır. Məsələn, bir müqavilə üzrə sığorta məbləği 10.000 manat (birinci sığortaçı), digəri 13.000 manatdır. (ikinci sığortaçı). Dəymiş zərərin məbləği isə 5.000 manatdır. Bu halda, hər bir sığortaçının sığorta məbləğinə mütənasib olaraq zərərin neçə faizini ödəməli olduğu hesablanır. Müəyyən olunur ki, birinci sığortaçı zərərin 43%-i, ikinci sığortaçı isə 57%-i üzrə öhdəlik daşıyır. Bu o deməkdir ki, birinci sığortaçı 2150 manat, ikinci sığortaçı isə 2850 manat məbləğində ödəniş həyata keçirəcək.
3. Subroqasiya
Şəxsin maliyyə təzminatı prinsipinə zidd olaraq sığorta vasitəsilə sığorta dəyərindən artıq məbləğ ala biləcəyi ikinci bir hal da var: Bəzi hallarda şəxs çəkdiyi zərərə görə sığortaçıdan sığorta ödənişi alması ilə yanaşı, bu zərərə görə məsuliyyət daşıyan şəxsdən də müəyyən məbləğ alır. Məsələn, başqa bir şəxs diqqətsizlik üzündən dayanacaqda durmuş avtomobilinizi zədələyir. Bu halda həm sığorta ödənişi almaq, həm də zərərvuran şəxsdən təzminat tələb etmək hüququnuz var.
Lakin hər iki təzminatı (həm sığortaçıdan, həm də zərər vuran şəxsdən) aldığınız halda, maliyyə təzminatı prinsipinə zidd olan hal ortaya çıxacaqdır, yəni dəymiş zərərdən artıq təzminat ödəniləcəkdir. Bu uyğunsuzluğun qarşısını almaq üçün subroqasiya prinsipi mövcuddur.
Subroqasiya şəxsin digər bir şəxsin yerinə onun hüquqlarından istifadə etmək hüququdur. Sığortada subroqasiya bu o deməkdir ki, əgər sığortaçı zərərin əvəzini sığortalıya ödəmişdirsə, onda sığortalının zərərvuran şəxsdən təzminat almaq hüququ sığortaçıya keçir, lakin bu hüquq sığortaçının verdiyi sığorta ödənişi məbləği ilə məhdudlaşır.
Subroqasiya maliyyə təzminatı prinsipini təmin etməyin bir vasitəsi olmaqla yanaşı zərərə görə məsuliyyət daşıyan şəxslərin öz hərəkətlərinin nəticələrindən qaçmasının qarşısını alır.
Nəzərdən keçirdiyimiz bu üç məsələ (itkinin birbaşa səbəbi, ikili (çoxqat) sığorta və subroqasiya) sığorta tələblərinin təmin olunmasında mühüm rol oynayır.
Zərərlərin araşdırılması
Sığorta hadisəsinin baş verməsi haqqında məlumat əldə olunan kimi sığortaçının əməkdaşları zərəri araşdırmağa başlayırlar. Lakin bəzi hallarda zərər o qədər mürəkkəb olur ki, sığortaçının özü tərəfindən tənzimlənməsi mümkün olmur. Bu zaman sığortaçı sığorta sahəsində yardımçı fəaliyyət göstərən şirkətlərin xidmətlərindən istifadə edir. Onlar hadisə barədə məlumat aldıqları andan dərhal sonra sığorta hadisəsinin, o cümlədən onun səbəblərinin və nəticələrinin araşdırılmasına başlayır, eyni zamanda sığortalıya sığorta tələbi irəli sürməkdə və digər məsələlərdə bələdçilik edirlər. Zərər tənzimləyiciləri itkinin səbəbi və miqyası ilə bağlı ilkin araşdırmaları bitirdikdə əvvəlcə ilkin, sonra isə yekun məruzə təqdim etməklə sığortaçı tərəfindən hansı məbləğdə ödəniş həyata keçirilməli olduğu ilə bağlı rəy verir.
Zərərlərin sığortaçının özü tərəfindən tənzimlənməsinin mümkün olduğu hallarda, sənədləşdirmə mümkün qədər tez həyata keçirilir ki, sığortalı lüzumsuz xərclər çəkməsin. Əmlak məhv olduqda və ya zədələndikdə, sığortalıdan tələb olunur ki, məhv olmuş hissələrin dəyəri və ya təmir, yaxud əvəzedilmə xərcləri barədə mümkün məlumatları təqdim etsin. Bir çox hallarda sığorta şirkəti zərər məbləğini sığortalıya pul şəklində ödəyir. Bəzən isə o məhv olmuş və ya zədələnmiş hissələri şüşə sınmasında olduğu kimi başqası ilə əvəz edə və ya avtomobil sığortası halında olduğu kimi təmir etdirə bilər. Əksər sığorta müqavilələri sığorta ödənişinin həyata keçirilməsi zamanı sığortaçıya üç seçim verir: təmir, əvəzetmə və pulla ödəmə.
Mülki məsuliyyətin sığortası halında sığortalıya ödənilməli olan məbləğ sığortaçı ilə zərərçəkmiş və ya əmlakı zədələnmiş şəxs arasındakı danışıqların nəticəsindən asılıdır. Bəzi hallarda zərərçəkmiş şəxsi vəkil təmsil edir, sığortaçı isə sığortalının adından çıxış edir. Bu isə ətraflı hüquqi bilik və təzminat məbləğlərinin necə müəyyənləşdirilməsi ilə bağlı məlumatlı olmağı tələb edir. Bəzi hallarda sığortaçı ilə zərərçəkənin vəkili arasında razılıq əldə edilməsi mümkün olmur və mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranır. Nəticədə məhkəmə tərəfindən müəyyən edilmiş məbləğ zərər məbləği olur. Əlbəttə ki, sığortaçı hər bir halda sığorta məbləği həddində ödəniş verir.
Hər il yüzlərlə zərər tənzimlənir və onların müəyyən hissəsi mübahisələrə səbəb olur. Ciddi mübahisələr yarandığı hallarda sığortaçı vəziyyəti rəsmi olaraq izah etməli və şirkətin mövqeyini əsaslandırmalıdır. Sığortalı bu mövqe ilə razılaşmadıqda iki yol qalır:
1. Sığorta nəzarəti orqanına şikayət ərizəsi ilə müraciət etmək. Sığorta nəzarəti orqanının adı, ünvanı və telefon nömrələri sığorta şəhadətnaməsində qeyd olunur. Sığorta nəzarəti orqanı icra hakimiyyəti qoluna mənsub olaraq öz səlahiyyətləri çərçivəsində vəziyyəti araşdırır və nəticədə şikayətlə bağlı üç cür münasibət bildirə bilər:
(1) Əgər o hesab etsə ki, sığortaçı qanunvericiliyə uyğun olaraq əsaslandırılmış qərar verib, onda sığortalıya bu barədə müvafiq cavab yazır;
(2) Sığortaçının mövqeyinin qanuni əsaslarının olmadığı qərarına gəldikdə isə ona məsələnin qanunvericiliyə uyğun qaydada həll edilməsinə dair icrası məcburi olan göstəriş verir;
(3) Sığorta nəzarəti orqanı məsələdə mübahisəli məqamlar aşkar etdikdə isə sığortalıya sığortaçının qərarını məhkəmə qaydasında mübahisələndirməyi tövsiyə edir.
2. Mübahisənin həllinin digər bir yolu isə məhkəmədə iddia qaldırmaqdır. Başqa sözlə hər iki tərəfin məsələni məhkəmədə mübahisələndirmək hüququ vardır.
Zərərlərin tənzimlənməsi ilə bağlı deyə biləcəyimiz başqa bir məsələ ondan ibarətdir ki, məhz bu mərhələdə sığortalı sığorta müqaviləsinin mövcudluğunun və sığortaçıların, ümumilikdə sığortanın əhəmiyyətini anlayır. Bu işə cəlb olunmuş bütün mütəxəssislər – agentlər, brokerlər, zərər tənzimləyiciləri və sığortaçının işçi heyəti sığortalıya hər zaman lazımi diqqət göstərilməsi üçün əllərindən gələni etməlidirlər. Zərər böyük diqqət tələb edən bir məsələ olmaqla, sığortanın və ümumiyyətlə sığorta bazarı adlandırdığımız bir mexanizmin mövcudluğunun əsas səbəbidir.
Çox güman ki, bütün bu məlumatları oxuduqdan sonra müxtəlif suallarınız yarandı. Biz nəyə görə öz pullarımızı tanımadığımız şəxslərə etibar etməliyik? Sığorta şirkətlərinin bizi aldatmayacağına kim təminat verir? Şirkətin bizə ödəniş vermək üçün vəsaiti çatmasa, necə olacaq? Pullarımıza səriştəli və məsuliyyətli insanların sərəncam verəcəyinə necə əmin ola bilərik? Başqa sözlə sığorta şirkətlərinin fəaliyyətinə nəzarət edən dövlət orqanı varmı?
Sığorta fəaliyyəti çox məsuliyyətli bir işdir. Sığorta şirkətləri özlərinin deyil, digər şəxslərin pul vəsaitinə sərəncam verir. Milyonlarla insanın həyatı, sağlamlığı və əmlakı ilə bağlı maddi vəziyyəti onlardan asılı ola bilər. Aydındır ki, böyük məbləğdə, özü də başqasının vəsaitləri ilə davranan şəxslərin yüksək bilik, təcrübə və şəxsi keyfiyyətlərə malik olması vacibdir. Bu baxımdan sığortaçının maliyyə sabitliyinin və yüksək ixtisaslı kadr heyətinin habelə səmərəli daxili nəzarət mexanizminin mövcudluğu tələb olunur.
Məhz bütün bu səbəblərdən sığorta sektorundakı fəaliyyətə nəzarət edən dövlət orqanı mövcuddur ki, həmin orqana qanunvericilikdə sığorta nəzarəti orqanı deyilir. Əvvəlki fəsillərdə sığorta nəzarəti orqanının bəzi səlahiyyətləri haqqında məlumat verilmişdir. Lakin sığorta nəzarəti orqanının işi sığorta şirkətlərinin lisenziyalaşdırılması və vətəndaşların şikayətlərinə baxılması ilə bitmir.
Sığorta fəaliyyətinin ictimai əhəmiyyəti tələb edir ki, onun üzərində hərtərəfli və etibarlı dövlət nəzarəti olsun.
Sığorta nəzarəti orqanı yalnız sığortaçıların deyil, təkrarsığortaçıların və sığorta vasitəçi-lərinin də fəaliyyətinə nəzarəti həyata keçirir.
Sığorta nəzarəti orqanı eyni zamanda sığorta fəaliyyətini tənzimləmək üçün normativ hüquqi bazanın, yəni qanun layihələrinin hazırlanmasında, qaydaların və digər tənzimləyici sənədlərin qəbul edilməsində ixtisaslaşmış bir orqandır. Razılaşaq ki, bu sahə ilə müstəsna olaraq məşğul olduğu üçün bazarın və vətəndaşların maraq və mənafelərini həmin layihələrdə nəzərə almaq sığorta nəzarətinin həyata keçirilməsinə birbaşa daxildir. O, bu sənədləri hazırlayarkən beynəlxalq təcrübəni, xüsusilə də müasir mütərəqqi tendensiyaları öyrənərək nəzərə alır, bunun üçün sığorta sahəsində beynəlxalq təşkilatlara üzv olur, beynəlxalq tədbirlərdə, təlim kurslarında iştirak edir, dünyada tanınmış və təcrübəli sığorta mütəxəssisləri ilə əməkdaşlıq edir, onların bilik və təcrübəsindən yararlanmaq üçün məsləhətləşmələr aparır və öyrənilən mütərəqqi təcrübələri yerli şəraiti nəzərə almaqla tətbiq edir.
İndi isə sığorta nəzarəti orqanının nəzarət prosesində hansı məsələlərə diqqət yetirdiyinə baxaq. Bir çox digər kommersiya müəssisələrindən fərqli olaraq sığorta şirkəti təsis edilərkən yalnız dövlət qeydiyyatından keçməsi tələb olunmur. O adi bir müəssisə deyil, üzərinə götürdüyü öhdəlikləri ödəmək üçün kifayət qədər maliyyə vəsaitinə malik olmalı, şirkəti idarə edəcək şəxslərin bu sahədə müvafiq biliyi, təcrübəsi, habelə müəyyən şəxsi keyfiyyətləri olmalıdır, şirkətin yaxın bir neçə ildə həyata keçirəcəyi fəaliyyəti planlaşdırılmalıdır. Sığortaçının bütün bu və digər tələblərə cavab verməsini təmin etmənin ən optimal vasitəsi kimi lisenziyalaşdırma çıxış edir. Sığorta fəaliyyəti ilə məşğul olmaq niyyətində olan hüquqi şəxs qanunda lisenziya almaq üçün nəzərdə tutulan bütün tələblərə cavab verməsini təsdiq edən sənədləri sığorta nəzarəti orqanına təqdim etməlidir.
Beləliklə, yarandığı ilk andan müvafiq orqanın nəzarətində olan sığortaçı öz fəaliyyətini həyata keçirmək üçün ilk növbədə maliyyə sabitliyinə malik olmalıdır. Bu o deməkdir ki, müştərilərinə qarşı olan bütün öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməsi üçün sığorta şirkətinin sərəncamında daim lazımi məbləğdə maliyyə vəsaitləri olmalıdır. Əks halda, hər hansı bir sığorta şirkətinin iflasa uğraması nəticəsində çoxlu sayda insanların, habelə müəssisələrin hüquqları pozula bilər. Bunun qarşısının alınması üçün qanunvericiliklə sığortaçıların maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin qorunub saxlanması ilə bağlı normativlər, kapitallarının minimum məbləğinə qoyulan tələblər, habelə sığortalılardan toplanan sığorta haqlarının etibarlı investisiya edilməsi qaydaları və s. müəyyən edilir14 ki, bütün bunlara riayət edilməsi sığorta nəzarəti orqanının nəzarəti altındadır. Sığortaçıların bu qaydalara və digər müvafiq qanunlara əməl edibetməməsini, eləcə də maliyyə sabitliyinin qanunvericiliyə uyğun təmin edilib-edilməməsini müəyyən etmək üçün nəzarət orqanı şirkətlərdən hesabatlar alır, onlarda müntəzəm yoxlamalar aparır.
Sığorta nəzarəti orqanı həm də sığortaçıların rəhbər vəzifələrində çalışan şəxslərin uyğunluğu məsələsini də diqqətində saxlayır. Hər bir sığorta şirkəti öz rəhbərlərini təyin etməzdən əvvəl nəzarət orqanı həmin vəzifələrə namizədlərin təhsili və iş təcrübəsinin uyğunluğunu, iqtisadi və mülkiyyət sahəsində cinayətlər törədib törətməməsini müəyyən etmək üçün araşdırma aparır. Bundan sonra həmin şəxslər sığorta haqqında biliklərini təsdiq etmək üçün müvafiq imtahan verməlidirlər. Sığorta nəzarəti orqanı yalnız imtahandan müvəffəqiyyətlə keçən və qanuna uyğun təhsilə və iş təcrübəsinə malik olan namizədin müvafiq rəhbər vəzifəyə təyin olunmasına razılıq verir.
Sığortalıların mənafelərinə zidd sığorta müqavilələrinin bağlanmasının qarşısını almaq məqsədilə sığorta nəzarəti orqanı şirkət tərəfindən hazırlanan sığorta qaydalarının qanunvericiliyə və sığortalıların mənafeyini pozmayan təcrübəyə uyğunluğuna nəzarət edir. Bildiyimiz kimi sığorta qaydaları müqavilənin tərkib hissəsi olur. Bu səbəbdən onun şərtlərinin qanunvericiliyə və sığortalının maraqlarına uyğun olması tələb olunur. Sığortaçı hər hansı bir sığorta məhsulunu təklif etməzdən əvvəl ona aid sığorta qaydalarını nəzarət orqanına göndərir. Qaydalar bu orqan tərəfindən nəzərdən keçirilərək razılaşdırıldıqdan sonra sığortaçı həmin qaydalar əsasında müqavilələr bağlamaq hüququna malikdir.
Sığortaçı öz fəaliyyətində qanunvericiliyin və ya sığorta nəzarəti orqanının tələblərini pozduqda, nəzarət orqanı ona qarşı sanksiyalar tətbiq edir. Bu sanksiyaların tətbiq edildiyi hallar və qaydalar qanunvericilikdə ətraflı şəkildə öz əksini tapıb. Bu o deməkdir ki, hər bir sığortaçı öz hərəkətlərinin və ya hərəkətsizliklərinin onun üçün hansı mənfi nəticəyə gətirib çıxaracağından xəbərdardır. Sığortaçıya məlumdur ki, fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildikdə, vətəndaşların hüquqlarının və qanuni maraqlarının pozulduğu hallarda lisenziyasının qüvvəsinin məhdudlaşdırılması, dayandırılması, hətta ləğvi ilə belə üzləşə bilər.
Beləliklə, bəzi məqamlarını qeyd etdiyimiz sığorta nəzarəti mexanizmləri ondan ötrüdür ki,
– siz öz vəsaitlərinizi etibarlı, səriştəli və məsuliyyətli şəxslərə - sığortaçılara əmanət edəsiniz;
– bu vəsaitlər elə idarə olunsun ki, şirkətin lazımi vaxtda lazımi məbləğdə ödəniş etmək qabiliyyəti olsun;
– bağladığınız sığorta müqaviləsinin şərtlərində sizin hüquq və mənafelərinizə zidd məqamlar öz əksini tapmasın;
– sığortaçı əsassız olaraq sığorta ödənişini həyata keçirməkdən imtina edə bilməsin;
– ən əsası isə sığortaçı sığortalılar qarşısında daşıdığı bütün maddi öhdəlikləri qarşılamaq üçün daimi maliyyə sabitliyinə malik olsun.
QEYD: Bu izahlı lüğətdə nəzərdə tutulan anlayışlar yalnız sığorta sektoruna münasibətdə müəyyən edilmişdir.
Bakı: Çaşıoğlu, 2008. – 40 s.
İSBN 978-9952-27-128-7
Çapa imzalanmışdır: 11.12.2008
Formatı 60х90 1/8.
Sifariş №432. Sayı 20000 nüsxə.
«Çaşıoğlu» mətbəəsi.
Bakı ş. M.Müşfiq küç., 2а.