QEYD:Bu izahlı lüğətdə nəzərdə tutulan anlayışlar yalnız sığorta sektoruna münasibətdə müəyyən edilmişdir.
aktuari– iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis.
annuitet sığortası - sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
avtonəqliyyat vasitələrinin sığortası - avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərə görə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası - sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərə görə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.
bazar dəyərinin düşməsi riskindən sığorta - əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə ilə əlaqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
daxili audit – sığortaçıda risklərin idarə olunmasının, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsinə və inkişafına sistemli yanaşmaqla onun struktur bölmələrinin və işçilərinin, filial və nümayəndəliklərinin qanunvericiliyin tələblərinə riayət etməsinə, qanunvericiliklə nəzərdə tutulan daxili sənədlərinin mövcud olmasına və onlara əməl edilməsinə, həyata keçirilən əməliyyatların xarakterinə və miqyasına, o cümlədən fəaliyyət risklərinin azaldılmasına adekvat olaraq lazımi etibarlılıq səviyyəsinin təmin edilməsin yönəldilən daxili nəzarət mexanizmidir.
əmək qabiliyyətinin sığortası - sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
əmlak sığortası – obyekti sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləri olan sığorta siniflərindən ibarət sığorta sahəsi.
əmlakın sığortası – mülki məsuliyyət sığortası, kredit sığortası və qarışıq maliyyə risklərinin sığortası üzrə sığorta sinifləri istisna olmaqla obyektinə görə əmlak sığortası sahəsinə aid olan digər siniflər üzrə sığorta.
əmlakın yanğından və digər risklərdən sığortası - əmlakın, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əmlakla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı sığortalının əmlak mənafelərinə dəyən zərərə görə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs.
fərdi qəza və xəstəlik sığortası - sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi hallarla, yaxud peşəsi ilə bağlı əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud onun sağlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləğdə, həmçinin sığorta olunanın əlavə xərclərinə görə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
gözləmə müddəti – sığorta müqaviləsində nəzərdə tutula bilən elə zaman kəsiyidir ki, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi öhdəliyi sığortalının öz üzərində qalır.
həyat sığortası – dar mənada sığorta ödənişinin sığortalının və ya sığorta olunanın ölməsi və ya müəyyən yaşa çatmasından asılı olaraq həyata keçirilməsidir. -geniş mənada həyat sığortasına şəxsin (1) ölümü (həyatın ölüm halından sığortası), (2) müəyyən yaşa çatması (həyatın yaşam sığortası), (3) əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalması, yaxud itirilməsi (annuitet sığortası), (4) xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirməsi (əmək qabiliyyətinin sığortası), (5) sağalmaz xəstəliyə tutulması (sağalmaz xəstəlikdən sığorta) hallarında maliyyə təzminatının həyata keçirilməsini nəzərdə tutan sığorta fəaliyyəti istiqaməti, habelə bu istiqamətə əsaslanan sığorta sahəsidir.
həyatın ölüm halından sığortası - sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
həyatın yaşam sığortası - sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
həyatın yığım sığortası – sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanmasını nəzərdə tutan, həyat sığortasının aparılmasının forması.
icbari sığorta - növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyində müəyyən edilən sığortanın aparılması forması. İcbari sığorta üzrə təminatların alınması qanunvericiliklə tələb olunur.
ikili və ya çoxqat sığorta – eyni sığorta predmeti ilə bağlı eyni zamanda qüvvədə olan və eyni riskin (risklərin) sığortalanmasını nəzərdə tutan iki və ya daha çox sığorta müqaviləsinin mövcudluğu.
ipoteka sığortası - ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar borclunun müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
işəgötürənin məsuliyyət sığortası - işçinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində onun əmlak mənafeləri ilə bağlı olan xərclərin əvəzinin işəgötürən tərəfindən işçiyə və ya ailəsinə ödənilməsi öhdəliyi üzrə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
işin dayanması ilə bağlı risklərdən sığorta – sığortalının kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində baş verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
könüllü sığorta - növləri, aparılması qaydaları və şərtləri sığorta qaydalarında nəzərdə tutulan və sığortalı tərəfindən alınması könüllü əsaslarla həyata keçirilən sığortanın aparılması forması.
kreditlərin sığortası - kredit verilmiş şəxsin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
qeyri-həyat sığortası (ümumi sığorta) – həyat sığortası sinfi kimi müəyyən edilməyən, əmlak sığortasına aid olan, həmçinin fərdi qəzanın və xəstəliyin nəticələrinə, tibbi xərclərə təminata verən sığorta siniflərindən ibarət sığorta fəaliyyəti istiqaməti, habelə bu istiqamətə əsaslanan sığorta sahəsidir.
qismən sığorta - əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləğinin sığorta dəyərindən az olması.
qrup halında sığorta - bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmetinin sığortalanması.
lisenziya – sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd.
lisenziyanın ləğvi - lisenziya sahibinin, lisenziya ilə icazə verilən fəaliyyətinin, habelə idarəetmə orqanlarının səlahiyyətlərinin tamamilə dayandırılmasına və şirkətin ləğvi prosesinə başlanmasına əsas verən, sığorta nəzarəti orqanının tətbiq etdiyi sanksiya.
maliyyə sabitliyi – sığortaçının maliyyə və risk idarəetmə potensialından istifadə etməklə uzun müddət ərzində, həmçinin ciddi təsirlər zamanı öz ödəmə qabiliyyətinin tələb olunan səviyyəsini saxlaya bilmə qabiliyyəti.
məcmu kapital – sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan, onun aktivlərinin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilən qaydada hesablanan сыьортачынын юз vəsaitи.
mülki məsuliyyətin sığortası - üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) maddi öhdəliklərin əvəzinin ödənilməsini nəzərdə tutan sığorta sinfi.
müstəqil audit(və ya kənar audit) - xüsusi razılığa (lisenziyaya) malik olan auditor təşkilatı və ya sərbəst auditor tərəfindən sığortaçının və ya sığorta vasitəçisinin fəaliyyətinin yoxlanması.
nizamnamə kapitalı – hüquqi şəxsin iştirakçılarının (səhmdarlarının) paylarının (səhmlərinin) dəyərindən təşkil olunan onun öz vəsaiti.
ödəmə qabiliyyəti – maliyyə öhdəliklərinin yerinə yetirlməsi qabiliyyəti.
peşə məsuliyyətinin sığortası - lazımi ixtisas keyfiyyətlərinə malik olan müxtəlif peşə sahiblərinin peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik üzündən xidmət göstərdiyi üçüncü şəxslərə dəyən zərər üzrə öhdəlikləri ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
sağalmaz xəstəliklərdən sığorta - sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
sığorta – risklərin ötürülməsi və ya bölüşdürülməsi mexanizminə əsaslanan münasibətlər sistemi.
sığortaçı – 1-sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan hüquqi şəxs. 2-aldığı sığorta haqqı müqabilində müəyyən risklərin reallaşdığı zaman sığorta məbləği həddində sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi.
sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi.
sığorta agenti - sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir.
sığorta brokeri - sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir
sığorta bazarının peşəkar iştirakçıları – sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlər, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və s.
sığorta ehtiyatları – sığortaçının bütün sığorta müqavilələri üzrə maliyyə öhdəliklərinin məcmusunu ifadə edən və sığorta haqları hesabına formalaşdırılan vəsait.
sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin ödənilməsi üçün əsas olan, müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
sığorta qaydaları – könüllü sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd.
sığorta məbləği – sığorta müqaviləsi ilə sığortalanmış risklər üzrə sığortaçının maliyyə öhdəliyinin son həddi;
sığorta müqaviləsi – elə bir müqavilədir ki, onun tərəflərindən biri (sığortalı) digər tərəfə (sığortaçıya) sığorta haqqı ödəməyi, ikinci isə bunun müqabilində sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini ödəməyi öz öhdəsinə götürür.
sığorta münasibətlərinin subyektləri - sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər.
sığorta nəzarəti orqanı – sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin üzərində, ümumilikdə isə sığorta sektorunda dövlət tənzimləməsi və nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.
sığorta növü - sığortaçı tərəfindən bir, yaxud bir neçə sığorta sinifləri əsasında təklif edilən və sığorta müqaviləsi bağlanması yolu ilə sığortalılara təqdim olunan sığorta məhsuludur.
sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi.
sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs; Bir çox sığorta növlərində sığortalı həm də sığorta olunan hesab edilir. Lakin bəzən, məsələn tibbi sığortada, öz işçilərini tibbi sığorta etdirmiş təşkilat sığortalı, işçilər isə sığorta olunan hesab edilir.
sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə təzminatı (kompensasiyası).
sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan və müəyyən qaydalara əsasən hesablanan vəsaitlər.
sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı.
sığorta sinfi – sığorta tariflərinin təyin edilməsində vahid yanaşmanın müəyyənləşdirilməsi məqsədilə bu və ya digər digər xüsusiyyətlərinə görə digərlərindən fərqlənən sığorta kateqoriyası.
sığorta sirri - sığortalı, sığorta olunan, faydalanan şəxslərə aid olan, sığortaçıya məlum olan, sığorta müqaviləsinin məzmununa daxil olan və qanunvericilikdə müəyyən edilən şəxslərdən başqa digər şəxslərə açıqlanması yol verilməyən məlumatlar
sığorta sistemi - sığorta bazarının iştirakçılarından və sığorta nəzarəti orqanından ibarət sistem.
sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya sığorta ödənişinin həyata keçirilməsi haqqında müraciəti; təkrarsığorta müqavilələri üzrə bu anlayış təkrarsığortalının təkrarsığortaçıya “təkrar- sığorta tələbi” kimi işlədilir;
subroqasiya - sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ.
şəxsi sığorta – obyekti sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləri olan sığorta sahəsi.
şərikli sığorta - bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları
təkrarsığorta – sığortaçıların özü tərəfindən alınan sığortadır. Təkrarsığortaçı ilkin sığortaçı adlanan şirkətin qəbul etdiyi riskin və sığorta haqqının bir hissəsini və ya bütövlükdə öz üzərinə götürür.
təkrarsığortaçı – 1-müstəsna olaraq təkrarsığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan hüquqi şəxs. 2-aldığı təkrarsığorta haqqı müqabilində ilkin sığortaçının qəbul etdiyi riskin bütövlükdə və ya onun bir hissəsini üzərinə götürən, təkrarsığorta müqaviləsinin tərəfi.
təkrarsığortalı – sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı;
təkrarsığorta müqaviləsi - təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
tələb olunan kapital – sığortaçının qanunvericiliklə tələb olunan öz vəsaiti.
təminat şəhadətnaməsi - sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta risklərinin yerləşdirilməsini təsdiq edən sənəddir.
tibbi sığorta - tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə sığorta olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərə görə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
yük daşıyanın mülki məsuliyyətinin sığortası - sığortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafelərinə dəyən zərərə görə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
yüklərin (nəqliyyat) sığortası - daşıma üsulundan asılı olmayaraq yükün zədələnməsi, korlanması, məhv olması, yaxud hər hansı formada itkisi nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərə görə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.